G7 sammitində Trampdan mühüm mesaj: Putin və Si Cinpin istəsəydilər...

ABŞ Prezidenti Donald Tramp, İranla baş vermiş münaqişədən sonra əldə olunan atəşkəs razılaşmasının ardından Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinə müharibə zamanı "neytral mövqe" tutduqlarına görə təşəkkür etdiyini bildirib.

Referans MEDİA bildirir ki, Tramp Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında çıxışı zamanı deyib:

"Onlara təşəkkür etmək istəyirəm, çünki vəziyyəti xeyli yaxşılaşdırdılar."

O, xüsusilə Çin lideri Si Cinpinin münaqişəyə qarışmadığını vurğulayaraq bildirib:

"Si Cinpin tamamilə neytral qaldı və mən bunu yüksək qiymətləndirirəm."

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putin barədə də danışaraq qeyd edib:

"Vladimir Putin də çox neytral davrandı. Onlar istəsəydilər, bizim üçün vəziyyəti daha da çətinləşdirə bilərdilər."

Trampın bu açıqlamaları onun Yaponiya və Avropa ölkələri də daxil olmaqla bəzi ABŞ müttəfiqlərinə yönəltdiyi tənqidlərlə ziddiyyət təşkil edib. O, həmin ölkələri hərbi əməliyyatlarda və İranın bağladığı Hörmüz boğazında dəniz nəqliyyatının bərpası istiqamətində kifayət qədər dəstək verməməkdə ittiham edib.

Moskva və Pekin Tehranla yaxın münasibətlərini qoruyur. Rusiya daha əvvəl bu müharibənin Yaxın Şərqdə nüvə silahlanması yarışına səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Çin isə ABŞ-ın İrana endirdiyi zərbələri ölkənin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirib. ABŞ kəşfiyyatının məlumatına görə, Pekinin hərbi məqsədlər üçün istifadə oluna biləcək məhsulları İrana çatdırdığı ehtimal edilir. Eyni zamanda, Çin neft emalı şirkətləri ABŞ sanksiyalarına baxmayaraq münaqişə dövründə İran neftinin əsas alıcıları olaraq qalıblar.

Bununla belə, Tramp bildirib ki, Si Cinpin münaqişənin həllinə yardım göstərib və İrana ağır silahlar və ya daşınan zenit-raket sistemləri göndərməyib.

ABŞ prezidenti deyib:
"Onlar istəsəydilər, yan-yana altı esminesin müşayiəti ilə neft tankeri göndərə bilərdilər, amma bunu etmədilər. Prezident Si mənə kömək etdi. O, həqiqətən də vəziyyətin həllinə yardım etməyə çalışdı və düşünürəm ki, müəyyən mənada buna nail oldu."

Vaşinqtondakı Çin səfirliyinin nümayəndəsi isə açıqlamasında bildirib ki, Pekinin mövqeyi dəyişməz olaraq qalır və Çin "döyüşlərin dayandırılması və sülhün təmin olunması üçün fasiləsiz çalışır".

Rusiya səfirliyi isə məsələ ilə bağlı şərh sorğusuna hələlik cavab verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki