Onkoloji xəstəlikdən müalicə alan tanınmış plastik cərrah Nərgiz Əhmədova müalicəsinin son mərhələsini başa vurub.
Referans Media xəbər verir ki, N.Əhmədova bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Həkim son müalicəsinin tamamlandığını bildirərək xərçəngə qalib gəldiyinə ümid etdiyini deyib:
“Əgər mənim müalicə aldığım xəstəxanada pasiyentlərin müalicələrini bitirdikləri zaman çaldıqları bir zəng olsaydı, bu gün çalınmaqdan parça-parça olardı. Son müalicəm tamamlandı. Həqiqətən ümid edir və inanıram ki, xərçəngə qalib gəldim. Dəstəyiniz üçün çox sağ olun. Bu, mənə irəli getmək üçün güc verdi”.
Nərgiz Əhmədova xəstəliklə mübarizə apardığı müddətdə ona dəstək olan ailə üzvlərinə, yaxınlarına, həmkarlarına və dostlarına təşəkkür edib:
“Həyatımın ən çətin anlarında, ilk andan son ana qədər yanımda oldun. Səni həyatıma gətirdiyi və mənə bəxş etdiyi üçün Allaha çox minnətdaram. Bu yolçuluq boyunca mənə dəstək olan hər kəsə – ailəmə, valideynlərimə, yoldaşımın ailəsinə, həmkarlarıma və dostlarıma dərin minnətdarlığımı bildirirəm. Sevginiz, dualarınız və dəstəyiniz ən çox ehtiyacım olduğu anlarda mənə güc verdi”.
Plastik cərrah PET-CT müayinəsindən sonra yaşadığı duyğusal anı da bölüşüb:
“Taleyimi müəyyənləşdirməli olan PET-CT müayinəsindən çıxanda gördüklərimi heç vaxt unutmayacağam. Çölə addımlayanda sevgili qardaşım İbrahimi gördüm. Əlləri göyə açılmışdı, göz yaşları isə yanaqlarından süzülürdü. O an əbədi olaraq qəlbimdə qalacaq. Bu yolçuluq zamanı məni əhatə edən sevgini və dəstəyi heç vaxt unutmayacağam”.
Nərgiz Əhmədova həyat yoldaşı, tanınmış plastik-rekonstruktiv cərrah Dilqəm Məhərrəmova da xüsusi təşəkkür edib:
“Məni bir saniyə belə tək qoymadın. Hər müalicə boyunca əlimdən tutdun, əməliyyatım üçün mənimlə səyahət etdin və ən çox ehtiyacım olduğu anlarda qayğıma qaldın. Bəlkə də diaqnozumun artıq heç bir əhəmiyyəti yoxdur. Çünki həyatdakı ən böyük hədiyyəyə - sənə artıq sahibəm. Və sən yanımda olduğun üçün mən artıq qalib gəlmişəm”.
N.Əhmədova bildirib ki, oğlu və həyat yoldaşı da bu çətin prosesdə ona dəstək olmaq üçün saçlarını qırxdıraraq keçəl olublar.
