Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik rəhbərlərini qəbul edərkən dediyi “Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur” fikri müxtəlif siyasi sferalarda müzakirə edilir. Xüsusilə Mərkəzi Asiya və Türkiyə, eləcə də digər region ölkələrində bu tezisə diqqət çəkilir.
Referans Media bildirir ki, Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə qeyd edib ki, Azərbaycanın xarici siyasətində Türk dünyası xüsusi və strateji prioritet təşkil edir:
“Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur” fikri bu siyasətin mahiyyətini aydın şəkildə ifadə edir. Azərbaycan üçün Türk Dövlətləri Təşkilatı (TDT) yalnız ortaq tarixi, mədəni və dil bağlarının ifadəsi deyil. Eyni zamanda, siyasi, iqtisadi, təhlükəsizlik və nəqliyyat əlaqələrinin inkişaf etdirildiyi mühüm əməkdaşlıq platformasıdır. Bu baxımdan Azərbaycanın TDT üzv və müşahidəçi ölkələri ilə münasibətlərini həm çoxtərəfli, həm də ikitərəfli formatlarda ardıcıl şəkildə inkişaf etdirməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik münasibətlərini rəsmiləşdirən müqavilə, bəyannamələr imzalaması Türk dünyasında qarşılıqlı etimadın və siyasi həmrəyliyin gücləndiyini göstərir. Burada əsas məqam odur ki, münasibətlər yalnız siyasi bəyanatlarla məhdudlaşmır, konkret layihələr və iqtisadi mexanizmlərlə də möhkəmləndirilir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması qarşılıqlı sərmayələrin artırılması, biznes əlaqələrinin genişləndirilməsi, uzunmüddətli iqtisadi tərəfdaşlığın formalaşdırılması baxımından mühüm addımlardır. Bu proses Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın daha praktik və nəticəyönümlü mərhələyə keçdiyini göstərir”.
Deputat qeyd edib ki, qarşıdakı dövrdə Azərbaycan Türk dünyası daxilində həm siyasi dialoqun, həm də iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşdirilməsində fəal rolunu davam etdirəcək:
“Xüsusilə Orta Dəhlizin inkişafı, nəqliyyat-kommunikasiya bağlantılarının genişləndirilməsi, enerji əməkdaşlığı, investisiyaların qarşılıqlı təşviqi və rəqəmsal transformasiya istiqamətləri böyük potensiala malikdir. Azərbaycanın bu proseslərdə fəallığı ölkəmizin regional, qlobal əhəmiyyətini artırmaqla yanaşı, Türk dövlətləri arasında daha sıx və dayanıqlı əməkdaşlıq üçün yeni imkanlar yaradır. Türk dünyasının güclənməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biri olaraq qalmaqla yanaşı, regionun iqtisadi və geosiyasi çəkisinin artmasına da xidmət edir”.
