Kiçik sahibkarlar üçün ŞAD XƏBƏR: Artıq idarə-idarə gəzməyə ehtiyac qalmadı!

KOB evlərində lisenziyaların vahid məkanda verilməsi sahibkarların vaxtına və xərclərinə nə dərəcədə qənaət edə bilər? Bu sistemin xüsusilə kiçik sahibkarlığın inkişafına real təsiri nədir?

Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, KOB evlərində lisenziya və icazələrin vahid məkanda təqdim olunması sahibkar üçün əsasən vaxt və inzibati xərclərin azalması baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, əvvəllər sahibkar müxtəlif qurumlara ayrıca müraciət etməli, sənədləri ayrı-ayrılıqda təqdim etməli və hər mərhələni özü izləməli idisə, vahid xidmət modeli bu prosesləri bir məkanda cəmləşdirir. Bu, xüsusilə işçi qüvvəsi və inzibati imkanları məhdud olan kiçik sahibkar üçün əhəmiyyətli üstünlükdür.

İqtisadçı qeyd edib ki, burada qənaət yalnız yol və nəqliyyat xərclərindən ibarət deyil. Sahibkarın sənədlərin hazırlanmasına, növbələrə, müxtəlif qurumlarla yazışmalara və prosedurların izlənməsinə sərf etdiyi vaxt da iqtisadi resursdur.

“Kiçik biznesdə sahibkarın bir neçə gününü inzibati prosedurlara sərf etməsi belə real maliyyə itkisi yarada bilər. Xidmətlərin elektronlaşdırılması və vahid məkanda göstərilməsi bu yükü azaltmağa imkan verir”, - deyə Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, xüsusilə yeni fəaliyyətə başlayan mikro və kiçik sahibkarlar üçün bunun təsiri daha böyükdür. Böyük şirkət ayrıca hüquqşünas və mühasib cəlb edə bildiyi halda, kiçik biznesdə sahibkar bir çox işi özü görür. Buna görə də lisenziya, icazə, qeydiyyat və digər inzibati prosedurların sadələşdirilməsi bazara giriş xərclərini aşağı sala və biznesə başlamağı asanlaşdıra bilər.

Akif Nəsirli hesab edir ki, KOB evlərinin real iqtisadi təsirini yalnız xidmətlərin bir məkanda göstərilməsi ilə ölçmək düzgün olmaz.

“Əgər sahibkar sənədləri daha tez əldə edir, prosedurların sayı azalır, qeyri-müəyyənlik və gözləmə müddəti qısalırsa, bu, biznesin fəaliyyətə daha tez başlamasına və dövriyyə yaratmasına şərait yaradır. Digər tərəfdən, lisenziyanın alınması asanlaşsa da, onun rüsumu, vergi yükü, icarə xərcləri, maliyyəyə çıxış və bazara çıxış problemləri dəyişmirsə, KOB evlərinin təsiri məhdud qala bilər”, - deyə o vurğulayıb.

İqtisadçının fikrincə, KOB evlərinin əsas əhəmiyyəti təkcə “vahid pəncərə” yaratmasında deyil, sahibkarın dövlətlə münasibətlərində inzibati maneələri sistemli şəkildə azaltmasındadır.

O qeyd edib ki, bu mexanizm güzəştli maliyyələşmə, vergi təşviqləri, bazara çıxış, rəqəmsal xidmətlər və məsləhət dəstəyi ilə tamamlandıqda, xüsusilə mikro və kiçik sahibkarlığın inkişafına daha ciddi təsir göstərə bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki