Türkiyədə müğənni Güllü kimi tanınan Gül Tutun qətli ilə bağlı məhkəmənin əsaslandırılmış qərarı açıqlanıb.
Referans Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yalova 1-ci Ağır Cinayətlər Məhkəməsi iş üzrə 25 səhifəlik qərarında şahid ifadələrini, kamera görüntülərini, ekspert rəylərini və digər sübutları qiymətləndirib.
Qərarda hadisənin şahidi Sultan Nur Ulunun ifadəsinə xüsusi diqqət yetirilib. Onun ifadəsinə görə, Tuğyan Ülkem Gülter anasını arxadan tutaraq pəncərədən aşağı itələyib.
Məhkəmə materiallarında qeyd olunub ki, kamera görüntülərinin araşdırılması zamanı hadisədən əvvəl evə Gül Tut, qızı Tuğyan Ülkem Gülter və Sultan Nur Uludan başqa heç kimin daxil olmadığı müəyyən edilib.
Ekspertiza nəticələrinə əsasən, hadisənin baş verdiyi otağın döşəməsində sürüşməyə səbəb ola biləcək maddə aşkarlanmayıb. Məhkəmə-tibbi ekspertiza isə Gül Tutun hündürlükdən yıxılma nəticəsində aldığı ağır xəsarətlərdən öldüyünü müəyyən edib.
Məhkəmə qətlin əvvəlcədən planlaşdırıldığını təsdiqləyən kifayət qədər sübut olmadığı qənaətinə gəlib. Bununla belə, Tuğyan Ülkem Gülterin anasını qəsdən öldürdüyü nəticəsinə gələrək ona ağırlaşdırılmış ömürlük həbs cəzası verib. Cəzanın yüngülləşdirilməsi üçün əsas görülməyib.
Təqsirləndirilən şəxsin vəkili qərarla razılaşmadıqlarını və yuxarı məhkəmə instansiyalarına müraciət edəcəklərini bildirib.
