ABŞ ilə İran arasında nüvə danışıqları davam etdiyi bir vaxtda Amerika mediası sensasion iddia ilə çıxış edib.
Referans Media xəbər verir ki, ABŞ-ın aparıcı telekanalları “CBS News” və “CNN” hökumət mənbələrinə istinadən bildiriblər ki, yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ABŞ Prezidenti Donald Trampa ordunun mümkün İran əməliyyatı üçün şənbə gününə qədər hazır olacağını çatdırıblar. Qərar hələ verilməyib.
Mənbələrin sözlərinə görə: ABŞ ordusu potensial hərbi əməliyyat üçün hazırlıq vəziyyətindədir, lakin Tramp hələlik yekun qərar verməyib, hücum qərarının həftəsonundan sonraya saxlanıla biləcəyi də istisna edilmir. Bildirilir ki, Tramp ən uyğun addımın hansı olacağı ilə bağlı məsləhətçiləri və müttəfiqləri ilə intensiv müzakirələr aparır.
“CNN”in məlumatına görə, Tramp Yaxın Şərq üzrə nümayəndəsi Steve Witkoff və kürəkəni Jared Kuşner vasitəsilə İranla aparılan dolayı danışıqlar barədə mütəmadi məlumatlandırılır.
Mənbələrdən biri bildirib: “Prezident bu məsələ üzərində çox vaxt sərf edir.”
İddialara əsasən, mümkün hücum qərarı verilərsə, ABŞ Yaxın Şərqdəki personalını mümkün cavab zərbələrinə qarşı ehtiyat tədbiri olaraq Avropaya və ya ABŞ-a köçürə bilər.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) isə yayılan xəbərlərlə bağlı rəsmi şərh verməkdən imtina etdiyi bildirilir.
Hazırda vəziyyət qeyri-müəyyəndir və rəsmi qərar açıqlanmayıb. Lakin belə bir addımın atılması Yaxın Şərqdə hərbi-siyasi balansı ciddi şəkildə dəyişə bilər.
