Son günlər Azərbaycanda havanın mövsümə uyğun olmayan dərəcədə isti keçməsi və qarşıdakı günlərdə temperaturun dəyişməsi diqqət çəkir. Həftəsonu və tətil günlərində gözlənilən hava şəraiti, eləcə də müşahidə olunan temperatur fərqlərinin iqlim dəyişikliyi ilə əlaqəsi maraq doğurur.
Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, bu həftədən başlayaraq Azərbaycan ərazisində, ümumilikdə, hava sərinləyəcək və yağıntılı hava müşahidə olunacaq. Bu isə mövsümə uyğundur və hər hansı anomaliya hesab edilmir.
Onun sözlərinə görə, hər şey payız fəslinin xarakterinə və xüsusiyyətlərinə uyğun davam edir. Oktyabr və noyabr aylarında hava hər zaman daha sərin keçir, xüsusilə axşam saatlarında temperatur aşağı düşür. Beləliklə, payız tədricən öz axarı ilə davam edir.
Ekoloq qeyd edib ki, ötən istilərin heç bir ekoloji və meteoroloji təsiri, zərəri olmayıb. Əksinə, insanlara fayda verib, ruh yüksəkliyi yaradıb. Narahatlığa əsas yoxdur, nevroloji xəstələrə, eləcə də depressiya xəstələrinə heç bir zərər verməyib və verməyəcək.
İbrahimli yağıntılı günlərdə insanların mövsümə uyğun geyimlərdən istifadə etmələrini və həyatlarını hər zaman şux, sağlam tutmalarını tövsiyə edib.
O bildirib ki, müşahidə olunan hava şəraitinin iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur. Bu, müxtəlif illərdə təkrarlanan proseslərdir. Bir il noyabr ayında yağıntılar çox, digər il isə az olur. Bu il oktyabr ayının qismən quraq və isti keçməsi təsadüf edib. Noyabr ayında isə həmin istilər tədricən səngiyərək hava sərinləşməyə başlayır.
Qarşıdan gələn qışın necə keçəcəyinə gəlincə, ekoloq bunun ölkəyə daxil olacaq hava kütlələrindən asılı olduğunu vurğulayıb. Hazırda El Niño və Super El Niño kimi hava hadisələri müzakirə olunur. Qışın necə keçəcəyi, həmçinin, böyük güclərin davranışlarından da asılıdır. Onların davranışına uyğun olaraq, qışın da yaxşı keçəcəyini düşünmək olar.
Ekoloq arzuladığını bildirərək qeyd edib ki, qış daha yaxşı, bol qar yağışı ilə keçsin, mövsümə uyğun soyuq hava şəraiti olsun. Lakin temperaturun həddindən artıq aşağı düşməsini də gözləmək doğru deyil. Müxtəlif ərazilərdə şaxtalar müşahidə oluna bilər, amma çox şaxtalı ayların və günlərin olacağı gözlənilmir.
Bununla belə, İbrahimli bir daha vurğulayıb ki, qışın necə keçəcəyi daxil olacaq hava kütlələrindən asılıdır. Arktik və xüsusilə Sibir hava kütlələri ölkəyə daxil olarsa, qış soyuq, yağıntılı və dondurucu keçə bilər. Bu ilin qışının necə olacağını isə indidən dəqiq demək mümkün deyil.
Gülnaz Abdullazadə
