İran əhalini nüvə təhlükəsinə görə xəbərdar etdi – Azərbaycanı nə gözləyir?

İranın mümkün nüvə hücumu ilə bağlı əhaliyə xəbərdarlıq etməsi və regionda hərbi gərginliyin artması qonşu ölkələrdə də narahatlıq doğurur. İranla yaxın coğrafi mövqeyi və iqtisadi əlaqələri olan Azərbaycan üçün bu proseslərin mümkün nəticələri diqqət mərkəzindədir.

Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, İran ətrafında hərbi eskalasiya və gərginliyin artması regionda narahatlığı gücləndirir.

Onun sözlərinə görə, ABŞ tərəfindən İrana nüvə zərbəsi endirilməsi ehtimalı hazırda real görünmür. Donald Trampın səsləndirdiyi təhdidlərin İranı danışıqlar masasında güzəştlərə məcbur etmək məqsədi daşıdığını ehtimal etmək olar. Eyni zamanda, nüvə zərbəsi ilə bağlı səsləndirilən fikirlərin birbaşa ABŞ administrasiyasının rəsmi mövqeyini əks etdirmədiyi nəzərə alınmalıdır.

Politoloq qeyd edib ki, regionda hərbi eskalasiyanın və gərginliyin artması Azərbaycanda da müəyyən narahatlıq yaradır. İran Azərbaycanın yaxın qonşusu olmaqla yanaşı, ölkəmizin ticarət-iqtisadi əlaqələr qurduğu dövlətlərdən biridir. Bu baxımdan İranda yaranan ictimai və siyasi narahatlıqlar Azərbaycana da təsirsiz ötüşməyə bilər.

Aydın Quliyevin fikrincə, hələlik nüvə zərbəsi endirilmədiyi üçün İranda baş verən proseslərin Azərbaycanın təhlükəsizliyinə və iqtisadi fəaliyyətinə birbaşa təsiri gözlənilmir. Mümkün dolayı təsirlər isə yalnız vəziyyətin daha da gərginləşəcəyi və nüvə zərbəsinin reallaşacağı təqdirdə gündəmə gələ bilər.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki