Rusiyada böyük qorxu: generalın gizli yubileyinin yeri necə öyrənilib?

Moskvadakı qanlı partlayışdan sonra Rusiya Z-kanallarında ciddi müzakirələr başlayıb.

Referans Media  xəbər verir ki, əsas müzakirə Ukrayna kəşfiyyatının Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykonun 55 illik yubileyinin keçirildiyi məkanı necə öyrənə bilməsi ətrafında gedir.

Z-kanallarında yayılan paylaşımlarda Çaykonun yubileyinin keçiriləcəyi yerin əvvəlcədən müəyyənləşdirilməsi xüsusi vurğulanır və Rusiya xüsusi xidmətlərinin fəaliyyəti tənqid edilir.

Paylaşımlardan birində Ukrayna tərəfinin Rusiya Aerokosmik Qüvvələrinin komandanının 55 illiyini harada qeyd edəcəyini bilməsi və mümkün hücum üçün əvvəlcədən hazırlıq görməsi qabardılıb.

“VÇK-OGPU”nun məlumatına görə, Barrikadnaya küçəsində yerləşən Balzi Rossi restoranında keçirilən məclisi Federal Mühafizə Xidmətinin (FSO) əməkdaşları qoruyublar. Məclisə generalın xidmət yoldaşları ilə yanaşı, Dövlət Dumasının deputatları, məmurlar və FSB əməkdaşları da dəvət olunublar.

Rusiya KİV-lərinin məlumatına görə, kustar üsulla hazırlanmış partlayıcı qurğu restorana hədiyyə adı altında keçirilməyə çalışılıb. Hadisə terror aktı kimi qiymətləndirilib.

Son məlumatlara əsasən, partlayış nəticəsində 5 nəfər ölüb, 21-dən çox insan xəsarət alıb. Çaykonun özünün xəsarət almadığı bildirilir.

Aleksandr Çayko Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun başlanğıcında Kiyev istiqamətində irəliləyən Rusiya qoşun qruplaşmasına komandanlıq edib. Ukrayna onu Borodyankaya zərbələr və Buçada dinc sakinlərin öldürülməsi ilə əlaqələndirir. Çayko bu ilin mayında Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı təyin edilib./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki