Azərbaycanın “Sabah” FK-nı tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə yüksəldən baş məşqçi Valdas Dambrauskasın həyat və futbol yolu diqqət çəkib. Litvalı mütəxəssisin uğur hekayəsi 26 il əvvəl televiziya ekranlarında iştirak etdiyi “Kim Milyoner Olmaq İstəyir?” yarışmasından başlayıb.
2000-ci ildə yarışmada qazandığı puldan istifadə edən Dambrauskas İngiltərəyə gedərək məşqçilik təhsili alıb. İllər sonra isə həmin qərar onu Avropanın ən nüfuzlu futbol turnirinin əsas mərhələsinə çıxaran məşqçiyə çevirib.
“Sabah” FK tarix yazdı
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Sabah” FK doğma meydanda İsrailin “Hapoel Beer Şeva” komandasını əlavə vaxtda 5:2 hesabı ilə məğlub edib.
İlk görüşdə 2:1 hesabı ilə uduzan Azərbaycan təmsilçisi iki oyunun nəticəsinə əsasən 6:4 hesablı qələbə qazanaraq tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə əldə edib.
Beləliklə, “Sabah” FK-nın uğuru Azərbaycan futbolu üçün də tarixi hadisəyə çevrilib.
Məşqçilik karyerası yarışmada qazandığı pulla başladı
Dambrauskasın uğura aparan yolu isə olduqca qeyri-adi olub.
2000-ci ildə “Kim Milyoner Olmaq İstəyir?” yarışmasında iştirak edən litvalı mütəxəssis qazandığı pulun bir hissəsini futbol karyerasına yatırım edib. O, İngiltərəyə gedərək burada məşqçilik üzrə təhsil alıb.
Dambrauskas 2007-ci ildə İngiltərənin 9-cu liqa komandalarından biri olan “Kingsbury London Tigers”də ilk rəsmi məşqçilik fəaliyyətinə başlayıb.
İngiltərənin 9-cu liqasından Çempionlar Liqasına
İngiltərədə başlayan məşqçilik karyerası sonrakı illərdə Dambrauskası müxtəlif ölkələrə aparıb. Litvalı mütəxəssis əsasən Baltikyanı ölkələrdə olmaqla 12 fərqli klubda çalışıb.
Onun karyerasında Azərbaycan mərhələsi isə xüsusi əhəmiyyət daşıyır. Uzun illər ölkə futbolunda dominantlıq edən “Qarabağ”ın qarşısında ciddi rəqabət yaradan Dambrauskas həm çempionluq, həm də ölkə kubokunu qazanaraq böyük uğura imza atıb.
Bu dəfə isə “Sabah” FK ilə əldə etdiyi tarixi nəticə onun karyerasında yeni zirvə olub.
Çempionlar Liqasında ilk litvalı baş məşqçi
“Sabah” FK-nı Çempionlar Liqasının liqa mərhələsinə çıxarmaqla Dambrauskas daha bir tarix yazıb. O, turnirin əsas mərhələsində komanda çalışdıracaq ilk litvalı baş məşqçi olub.
Televiziya yarışmasında qazandığı pulla başlayan futbol macərasının 26 il sonra Çempionlar Liqasına qədər uzanması Dambrauskasın hekayəsini turnirin ən maraqlı hadisələrindən birinə çevirib.
