İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq polis tərəfindən saxlanılıb.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, buna futbolçunun idarə etdiyi “Lamborghini” ilə qəzaya düşməsi səbəb olub.
Hadisə bu ilin əvvəlində İngiltərənin Hempşir bölgəsində, M3 avtomagistralında baş verib. Sterlinqin təxminən 270 min funt-sterlinq dəyərində olan avtomobili yol səddinə çırpılıb. Qəzada başqa avtomobil iştirak etməyib, xəsarət alan olmayıb.
Bildirilir ki, hadisədən əvvəl digər sürücülər polisə Sterlinqin avtomobilinin yolda ziqzaqvari hərəkət etdiyi barədə məlumat veriblər.
Qəzadan sonra futbolçu narkotik maddənin təsiri altında avtomobil idarə etmək şübhəsi ilə saxlanılıb. Daha sonra ona avtomobili təhlükəli halda idarə etmək ittihamı irəli sürülüb. 31 yaşlı futbolçu sentyabrın 15-də hakim qarşısına çıxacaq. O, günahı sübuta yetiriləcəyi təqdirdə iki ilədək həbs cəzası ala bilər.
Qeyd edək ki, Rahim Sterlinq karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” kimi klublarda çıxış edib.
