İngiltərə hökumətinin vətəndaşlara mümkün fövqəladə hallara qarşı üç günlük zəruri ehtiyat hazırlamaq çağırışı marketlərdə alış-veriş fəallığını artırıb. İçməli su, konserv məhsulları və batareyalarla yanaşı, tualet kağızına tələbatın kəskin yüksəlməsi diqqət çəkib. Bəzi istehsalçılar satışların 43 faizədək artdığını açıqlayıb.
“The Sun” nəşrinin məlumatına görə, hökumətin çağırışından sonra tualet kağızı istehsalçılarının satışlarında ciddi yüksəliş qeydə alınıb. Bambuk əsaslı tualet kağızı istehsal edən “Cheeky Panda” şirkəti satışlarının ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz artdığını bildirib. “Serious Tissues” şirkətində isə son beş gündə satışlar 36 faiz yüksəlib.
Referans Media xəbər verir ki, alış-veriş fəallığı digər zəruri məhsullara da təsir edib. “B&M” mağazalar şəbəkəsində tualet kağızı satışları 19 faiz, “Iceland” supermarketlərində konserv məhsullarının satışı isə 40 faiz artıb. “Argos” mağazalarında cümə axşamından şənbəyədək fənər satışlarının 400 faiz yüksəldiyi bildirilib. Onlayn satış platforması “Ocado”da isə bəzi su markalarının və şorba məhsullarının ehtiyatları tükənib.
İngiltərə hökumətinin çağırışı mümkün təbii fəlakətlər, elektrik enerjisinin kəsilməsi və kiberhücumlar zamanı əhalinin hazırlıqlı olmasını hədəfləyir. Tövsiyəyə əsasən, hər kəsin fövqəladə hallar üçün üç günlük içməli su və tez xarab olmayan ərzaq ehtiyatı olmalıdır. Bundan başqa, fənər, ehtiyat batareyalar, radio, enerji yığma cihazı, yorğan, ilkin tibbi yardım vasitələri və vacib sənədlər də hazırlanan çantaya daxil edilməlidir.
Adambaşına gündə təxminən üç litr içməli su ayrılması məsləhət görülür. Yemək hazırlanması və gigiyena üçün isə əlavə suya ehtiyac yarana bilər. Müdafiə naziri Ves Striting bu çağırışın ölkənin mümkün böhranlara və gündəlik xidmətlərdə yaranacaq fasilələrə qarşı dayanıqlığını artırmağa xidmət etdiyini bildirib.
Satışlardakı artım fonunda istehsalçılar və pərakəndə satış nümayəndələri əhalini həddindən artıq məhsul almaqdan çəkinməyə çağırıblar. “Cheeky Panda” şirkətinin həmtəsisçisi Culi Çen evdə müəyyən qədər əlavə tualet kağızı saxlamağın normal olduğunu, lakin aylarla kifayət edəcək həcmdə məhsul toplamağa ehtiyac olmadığını vurğulayıb.
Sektor nümayəndələri ümumi məhsul ehtiyatlarının kifayət etdiyini və tədarükün davam etdirilə biləcəyini bildiriblər. Hökumətin çağırışının əsas məqsədi isə panika yaratmaq deyil, əhalini mümkün fövqəladə vəziyyətlərə əvvəlcədən hazırlamaqdır.
