4 nəfər itkin düşdü, ölkə ordusunu səfərbər etdi – Haitidə nə baş verir?

El Salvador Haitidə itkin düşən dörd hərbi aviasiya texnikini tapmaq məqsədilə ölkəyə 2 mindən çox hərbçi göndərib. Prezident Nayib Bukele hərbi qüvvələrin yerləşdirilməsinin başa çatmaq üzrə olduğunu açıqlayıb. O, əməliyyatın Haiti ərazisini işğal etmək məqsədi daşımadığını, əsas hədəfin itkin əməkdaşları xilas etmək və silahlı dəstələrlə mübarizəyə dəstək vermək olduğunu bildirib.

Referans Media xəbər verir ki, El Salvador prezidenti Nayib Bukele oktyabrın 29-da verdiyi açıqlamada ölkəsinin hərbi qulluqçularının və texnikasının Haitidə yerləşdirilməsinin demək olar ki, başa çatdığını bildirib. Paytaxt Port-o-Prens ətrafında həyata keçirilən əməliyyata xüsusi təyinatlı qüvvələrin də cəlb edildiyi qeyd olunub.

Bukele Haiti xalqına ölkənin rəsmi dillərindən biri olan Haiti kreol dilində müraciət edərək əməliyyatın məqsədlərini izah edib. O, El Salvadorun Haiti ərazisini ələ keçirmək və ya ölkənin sərvətlərinə sahib olmaq niyyətində olmadığını vurğulayıb: “Bu, Haiti xalqına qarşı həyata keçirilən əməliyyat və ya Haitinin işğalı deyil. Biz böyük güc deyilik. Haiti xalqına hökm etmək və ya ölkənin sərvətlərini ələ keçirmək niyyətimiz yoxdur”.

El Salvadorun dörd hərbi aviasiya texniki oktyabrın 18-də Haitinin paytaxtı Port-o-Prens yaxınlığında silahlı dəstələrin hücumundan sonra itkin düşüb. BMT-nin dəstəklədiyi beynəlxalq anticiayətkar dəstə qüvvələrinin tərkibində xidmət edən texniklərin hücum zamanı yanan avtomobildən ayrıldıqdan sonra onlarla əlaqənin kəsildiyi bildirilir. Bukele əməliyyatın əsas prioritetinin həmin şəxsləri sağ-salamat ölkələrinə qaytarmaq olduğunu deyib. O, Haitinin uzun illərdir silahlı dəstələrin zorakılığından əziyyət çəkdiyini də vurğulayıb.

Prezident hərbi əməliyyatın maliyyə tərəfinə də toxunub. Onun sözlərinə görə, bəzi ölkələr məhdud logistik dəstək göstərsə də, ümumi xərclərin 90 faizi El Salvadorun dövlət büdcəsindən qarşılanır. Əməliyyatın ümumi dəyərini açıqlamayan Bukele bildirib: “Bu, bizə baha başa gəlir. Ancaq öz çəkdiyimiz əzablardan bir şeyi öyrənmişik: ədalətin və sülhün qiyməti yoxdur”.

Bukele Haiti xalqını El Salvador hərbçilərinə etibar etməyə çağırıb. O, ölkəsinin də vaxtilə silahlı dəstələrin zorakılığından əziyyət çəkdiyini xatırladaraq iki dövlətin oxşar problemlərlə üzləşdiyini bildirib. Prezident hərbi qüvvələrin Haitidə daimi qalmayacağını və missiya başa çatdıqdan sonra ölkəyə qayıdacaqlarını qeyd edib.

Bununla belə, minlərlə hərbçinin Haitiyə göndərilməsi əməliyyatın miqyası, qüvvələrin hansı komandanlıq strukturuna tabe olacağı və missiyanın gələcək mərhələləri ilə bağlı suallar doğurub.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki