Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevrilməyə çalışır. Bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib.
Prezident bildirib ki, Azərbaycan infrastruktura çox böyük sərmayə yatırır: “Nəinki ölkə daxilində, eyni zamanda ölkənin hüdudlarından kənarda da beynəlxalq ölçülü infrastruktur layihələrlə məşğuluq. Biz çalışırıq ki, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirək”.
Referans Media xəbər verir ki, ekspertlər hesab edir ki, Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrilmək iddiası ölkənin coğrafi mövqeyi, son illərdə həyata keçirilən infrastruktur layihələri və dəyişən geoiqtisadi şəraitə söykənən strateji hədəfdir. Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrilməsi üçün üç əsas resurs mövcuddur: əlverişli coğrafi mövqe, son illərdə yaradılmış güclü nəqliyyat infrastrukturu və bu layihələri maliyyələşdirməyə imkan verən iqtisadi potensial.
Azərbaycanın böyük üstünlüyü Avropa ilə Asiyanın, Şimal ilə Cənubun kəsişdiyi nöqtədə yerləşməsidir.
Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi ərazidə yerləşir. Bir tərəfdən Çin və Mərkəzi Asiyadan gələn yüklər Xəzər dənizi vasitəsilə Azərbaycana daxil olur, digər tərəfdən Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxır. Eyni zamanda, Rusiya, İran və Hindistan istiqamətində uzanan Şimal-Cənub marşrutu da ölkəmizdən keçir. Bu mövqe Azərbaycana logistika mərkəzi olmaq imkanı verir.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın əsas logistik aktivlərindən biridir. Ələt qəsəbəsində yerləşən liman Xəzər hövzəsinin ən böyük və müasir limanlarından hesab olunur. Liman Mərkəzi Asiyadan gələn yükləri qəbul edir, konteyner daşımalarını həyata keçirir, dəmir yolu bərə xidmətlərini təmin edir, Orta Dəhlizin əsas qovşağı rolunu oynayır. Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu isə son illərdə Azərbaycanın strateji əhəmiyyətini ciddi şəkildə artırıb.
Rusiya-Ukrayna müharibəsindən sonra Avropa və Asiya arasında alternativ nəqliyyat marşrutlarına maraq yüksəlib. Bu marşrut Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa xəttini əhatə edir. Azərbaycanın üstünlüyü ondan ibarətdir ki, bu marşrutun mərkəzi halqalarından biri məhz ölkənin ərazisindən keçir. Azərbaycanın daha bir böyük resursu Bakı-Tiflis-Qars dəmir yoludur. Bu xətt Avropa ilə Asiyanı birləşdirən ən mühüm layihələrdən biridir. Yüklərin Türkiyə üzərindən Avropaya daşınmasını sürətləndirir, dəniz nəqliyyatına alternativ yaradır, tranzit müddətini əhəmiyyətli dərəcədə azaldır.
Daha bir resurs Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycanın ikinci böyük logistika üstünlüyüdür. Bu marşrut Hind okeanı limanlarını Rusiya və Şimali Avropa ilə birləşdirir, yük daşımalarının vaxtını və xərclərini azaldır.
Müasir hava nəqliyyatı infrastrukturu da Azərbaycanın logistika imkanlarını genişləndirir. Azərbaycan son illərdə Bakı, Füzuli, Zəngilan, Laçın, Gəncə, Naxçıvan inkişaf və inşa etdirib. Xüsusilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı regionun mühüm yükdaşıma mərkəzlərindən birinə çevrilmək potensialına malikdir. Azərbaycanın mühüm üstünlüklərindən biri də bir çox tranzit ölkələrdən fərqli olaraq infrastruktur layihələrini əsasən öz maliyyə imkanları hesabına həyata keçirə bilmək imkanına sahib olmasıdır.
