İran ABŞ-ın Hörmüz boğazı yaxınlığındakı Lark adasına həyata keçirdiyi hücuma cavab olaraq İordaniyada yerləşən iki ABŞ hərbi hava bazasını ballistik raketlərlə hədəfə aldığını açıqlayıb.
Referans Media-nın xəbərinə görə, SEPAH tərəfindən yayılan bəyanatda ABŞ-a xəbərdarlıq edilərək bildirilib ki, “hər bir hücum daha güclü cavabla qarşılanacaq”.
SEPAH-ın açıqlamasında bildirilib ki, Aerokosmik Qüvvələr Lark adasına qarşı həyata keçirilən “Amerika-Sionist” hava hücumuna cavab olaraq əməliyyat keçirib.
İran tərəfinin məlumatına görə, cavab zərbələri çərçivəsində İordaniyadakı Kral Hüseyn və Muvaffaq Salti hərbi hava bazaları ballistik raketlərlə vurulub.
Açıqlamada hücum zamanı bazalardakı texniki və texniki xidmət infrastrukturlarının, eləcə də döyüş təyyarələrinin yerləşdiyi ərazilərin hədəf alındığı və “ağır zərər” dəydiyi iddia edilib.
İran bəyanatında Hörmüz boğazı üzərində Tehranın nəzarətini zəiflətmək cəhdlərinin nəticə verməyəcəyi bildirilib.
“İranın nəzarətini zəiflətməyə yönəlmiş bütün cəhdlər uğursuz olacaq. Hər bir hücum daha güclü cavabla qarşılanacaq”, – deyə SEPAH açıqlamasında qeyd olunub.
Bundan əlavə, İranın "Fars News Agency" agentliyi ABŞ-ın Lark adasına hücumunun İordaniya ərazisindən həyata keçirildiyinin müəyyən edildiyini və həmin hücumda mülki şəxslərin də öldüyünü yazıb.
İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın hücumları və İranın cavab əməliyyatları ilə bağlı açıqlama verib.
Şanxay Əməkdaşlıq Təşkilatının liderlər sammitində iştirak etmək üçün Bişkekə yola düşməzdən əvvəl Tehrandakı hava limanında danışan Pezeşkian bildirib ki, İran müharibə axtarmır.
“Biz müharibə istəmirik və bunu indiyədək dünyaya açıq şəkildə bəyan etmişik. Lakin heç bir təcavüz qarşısında səssiz qalmayacağıq və təcavüzkarlara qətiyyətli cavab verəcəyik”, – deyə İran prezidenti bildirib.
Regionda qarşılıqlı hücumların davam etməsi Yaxın Şərqdə gərginliyin yenidən yüksəlməsi ilə bağlı narahatlıqları artırıb.
