image-iran-bom4backend

İran islam aləminin “iqtisadi ürəyi”nə zərbə endirdi – Nələr olacaq?

ABŞ–İsrail–İran qarşıdurmasının yaratdığı gərginlik artıq Yaxın Şərqin ən sabit və təhlükəsiz hesab edilən şəhərlərindən birinə – Dubaya da təsir göstərməyə başlayıb. Uzun illərdir qlobal maliyyə, turizm və biznes mərkəzi kimi tanınan bu şəhər İranın raket və dron hücumları ilə üz-üzə qalıb. Regionda artan hərbi risklər Dubayın “təhlükəsiz liman” imicinə təhdid yaradır.

Bəs bu yeni reallıq Dubayın beynəlxalq mövqeyinə necə təsir edəcək? Qlobal şirkətlər və investorlar risklərdən qaçaraq şəhəri tərk edə bilərmi?

Referans Media  xəbər verir ki ,Globalinfo.az-a danışan “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, Dubay uzun illərdir dünyanın ən təhlükəsiz, sabit və inkişaf etmiş şəhərlərindən biri kimi tanınır.

“Dünyanın bir çox böyük şirkətləri regional ofislərini məhz Dubayda yerləşdiriblər. Bunun əsas səbəbi isə sabit siyasi mühit, güclü iqtisadiyyat və yüksək təhlükəsizlik səviyyəsidir. Lakin regionda baş verə biləcək müharibə və xüsusilə İranla bağlı hərbi gərginlik Dubayın imicinə təsir göstərə bilər. Əgər Dubay raket və dron hücumlarına məruz qalarsa, bu, ilk növbədə şəhərin təhlükəsizliyinə zərbə vuracaq. İnvestorlar və beynəlxalq şirkətlər üçün ən vacib faktor təhlükəsizlik və sabitlikdir. Bu faktorlar zəiflədikdə şirkətlər risklərini azaltmaq üçün fəaliyyətlərini başqa ölkələrə köçürmək barədə düşünə bilərlər”.

E.Məmmədov deyib ki, belə bir vəziyyətdə bəzi beynəlxalq şirkətlər region daxilində başqa mərkəzlərə, məsələn, Səudiyyə Ərəbistanına, Qətərə və ya Avropanın böyük biznes şəhərlərinə yönələ bilərlər:

“Bu isə Dubayın maliyyə və biznes mərkəzi kimi mövqeyinə müəyyən dərəcədə təsir göstərə bilər. Bundan əlavə, turizm sektorunun da risk altına düşməsi istisna edilmir. Dubay dünyanın ən məşhur turizm istiqamətlərindən biridir və hər il milyonlarla turist bu şəhərə səfər edir. Təhlükəsizliklə bağlı xəbərlər isə turistlərin sayının azalmasına səbəb ola bilər. Bu da otellər, restoranlar, ticarət mərkəzləri və ümumilikdə xidmət sektoruna mənfi təsir göstərmiş olacaq.

Digər tərəfdən, qeyd edim ki, Birləşmiş Ərəb Əmirlikləri iqtisadi və texnoloji baxımdan çox güclü dövlətlərdən biridir. Onlar müdafiə sistemlərinə və təhlükəsizlik infrastrukturlarına böyük investisiyalar qoyublar. Bu səbəbdən qısamüddətli gərginlik və ya lokal hücumlar Dubayın iqtisadiyyatının dərhal çökməsinə səbəb olmaya bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki