İran Kəşfiyyatı (MOIS) Pakistanın 10 milyard dollar qarşılığında Səudiyyə Ərəbistanına nüvə silahı satdığını iddia edib.
Referans Media xəbər verir ki, bu silahların Səudiyyə torpaqlarına yerləşdirilməsi qərarı, Pakistan Baş Qərargah rəisi Asim Munir ilə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman arasında keçirilən son yüksək səviyyəli görüşdən sonra dəqiqləşib.
İddia Yaxın Şərqdə güc balansını kökündən dəyişə biləcək bir gediş kimi qiymətləndirilir. İran mətbuatında, Riyadın bu addımı İranın artan hərbi gücünə qarşı çəkindirici tədbir olaraq gördüyü vurğulanır. Həmçinin, kəşfiyyata yaxın mənbələr silah transferinin yalnız maliyyə əməliyyatı olmadığını, həm də texniki dəstək və yerləşdirmə proseslərini əhatə etdiyini bildirir. Söhbət silahların Səudiyyə Ərəbistanında müəyyən hərbi bazalarda yerləşdirilməsindən gedir.
Hələlik, həm Pakistan, həm də Səudiyyə Ərəbistanı rəsmi açıqlama verməyib. Lakin bölgə üzrə təhlükəsizlik ekspertləri, belə bir addımın qlobal diplomatik və hərbi nəticələr doğura biləcəyini vurğulayır. İddia, nüvə silahlarının yayılmasına dair beynəlxalq müqavilələr və rejimlər baxımından da yeni bir böhran başlığı yaratmağa qadirdir.























