Türkiyədə xarici dövlət nömrə nişanlı avtomobillərlə bağlı yeni qayda tətbiq olunmağa başlayıb. Rəsmi Qəzetdə dərc olunan yeni tənzimləməyə əsasən, ödənişli avtomobil yolları və körpülər üzrə keçid haqlarını, eləcə də inzibati cərimələrini ödəməyən xarici nömrəli nəqliyyat vasitələrinin Türkiyədən çıxışına icazə verilməyəcək.
Referans Media xəbər verir ki, yeni qaydalara əsasən, xarici nömrəli avtomobillər üçün HGS (Sürətli Keçid Sistemi) abunəliyi məcburi olacaq. Bundan əlavə, qayda pozuntusu ilə edilən keçidlər üzrə ödənişlər 45 günü keçdikdə sürücülərə keçid haqqının 4 misli məbləğində cərimə tətbiq ediləcək.
Borcunu ödəməyən sərhədi keçə bilməyəcək
Yeni "Ödənişli avtomobil yollarında xarici nömrəli nəqliyyat vasitələrinin keçid haqları və inzibati cərimələrin tutulması" ilə bağlı qaydalara əsasən, Türkiyədə ödənişli yollardan istifadə edib borcunu ödəməyən xarici avtomobil sahibləri borclarını bağlamadan ölkəni tərk edə bilməyəcək.
Bu qayda həm Türkiyə Avtomobil Yolları Baş İdarəsinin idarə etdiyi magistral yollara, həm də "tik–işlət–ötür" modeli ilə fəaliyyət göstərən körpü və avtomobil yollarına şamil ediləcək.
Ödənişlər sərhəd qapılarında da edilə biləcək
Xarici nömrəli avtomobillərin keçid haqları və cərimələri gömrük keçid məntəqələrində bank və ya kredit kartı ilə ödənilə biləcək. Nağd ödəniş isə yalnız gömrük idarələrinin mühasibat xidmətlərinin həyata keçirildiyi kassalarda qəbul ediləcək. Türkiyə daxilində isə borclar PTT şöbələri və müqaviləli banklar vasitəsilə ödənilə biləcək.
Qurumlar vahid sistemlə izləyəcək
Türkiyə Avtomobil Yolları Baş İdarəsi, Xəzinə və Maliyyə Nazirliyi, eləcə də Ticarət Nazirliyi arasında yaradılacaq məlumat mübadiləsi sistemi vasitəsilə xarici nömrəli avtomobillərin keçid borcları və cərimələri vahid platformadan izləniləcək. Ödəniş məlumatları aidiyyəti qurumların sistemləri vasitəsilə mütəmadi olaraq Avtomobil Yolları Baş İdarəsinə ötürüləcək.
HGS məcburi olacaq
Yeni qaydalara görə, xarici nömrəli avtomobillər HGS və ya digər elektron keçid sistemlərindən birinə abunə olmalı və hesablarında kifayət qədər balans saxlamalıdır. Sürücülər həmçinin HGS cihazının işlək vəziyyətdə olmasına və avtomobil nömrəsinin aydın oxunmasına görə məsuliyyət daşıyacaq.
45 günü keçən borclara ağır cərimə
Qaydalara əsasən: Keçid haqqı 15 gün ərzində ödənilərsə, yalnız əsas ödəniş tutulacaq. 15 gündən sonra, lakin 30 gün ərzində ödəniş edilərsə, əlavə olaraq bir keçid haqqı qədər cərimə tətbiq olunacaq. Ödəniş müddəti 45 günü keçərsə, keçid haqqının 4 misli qədər inzibati cərimə hesablanacaq.
