Türkiyənin Çanaqqala Onsekiz Mart Universitetində (ÇOMÜ) tələbəsinə qarşı qeyri-etik davranışda və təcavüzdə ittiham olunan müəllimlə bağlı məhkəmə qərarı böyük müzakirələrə səbəb olub. Ali Təhsil Şurası (YÖK) tərəfindən vəzifədən xaric edilən müəllim məhkəmə qərarı ilə yenidən işinə qaytarılıb.
Referans Media xəbər verir ki, Siyasi Elmlər fakültəsində çalışan O.S. adlı müəllimin tələbəsinə "Otların üstünə uzanaq, bir az günah işləyək" dediyi və ona qarşı fiziki təmasda olduğu iddia edilib. İttihamlar nəticəsində YÖK tərəfindən peşədən uzaqlaşdırılan müəllim Çanaqqala İnzibati Məhkəməsinin qərarı ilə vəzifəsinə bərpa olunub.
Məlumata görə, hadisə distant təhsil dövründə baş verib. Fakültədə təhsil alan G.N.İ. adlı tələbə müəllimin dəvəti ilə boş sinifdən onun otağına keçib.
İddialara əsasən, O.S. tələbəyə psixologiya və yuxu yozmaları üzrə təhsil aldığını deyərək onun şəxsi problemləri və travmaları barədə danışmasını istəyib.
Daha sonra müəllimin tələbəyə qarşı münasibətinin sərhədləri aşdığı və qeyri-etik təkliflər səsləndirdiyi iddia olunub.
38 tələbənin şikayəti olduğu bildirilib
İddialara görə, O.S.-nin adı daha əvvəl də oxşar şikayətlərlə gündəmə gəlib. Bildirilir ki, 2018 və 2019-cu illərdə 38 tələbənin şikayəti əsasında onun üç dəfə vəzifədən uzaqlaşdırıldığı qeyd edilib.
Bundan əlavə, müəllim barəsində dini dəyərləri təhqir etmə ittihamı ilə ayrıca araşdırma aparıldığı da iddia olunub.
YÖK uzaqlaşdırdı, məhkəmə geri qaytardı
Son hadisə ilə bağlı universitet rəhbərliyi müəllimi vəzifəsindən kənarlaşdırıb. Daha sonra YÖK 24 aprel 2026-cı ildə onu cinsi təcavüz ittihamı ilə peşədən xaric edib.
Lakin O.S. qərardan şikayət edərək məhkəməyə müraciət edib. Çanaqqala İnzibati Məhkəməsi isə YÖK-ün qərarının icrasını dayandıraraq müəllimin vəzifəsinə qaytarılmasına qərar verib.
Tələbələr dərsləri boykot edəcək
Məhkəmənin qərarı universitetdə etirazlara səbəb olub. Tələbələr yeni tədris ilində həmin müəllimin dərslərinə qatılmamaq qərarı veriblər.
Tələbələr bildiriblər ki, barəsində çoxsaylı şikayətlər olan bir müəllimin yenidən auditoriyaya qayıtması qəbuledilməzdir.
Qeyd edək ki, məsələ ilə bağlı YÖK-ün məhkəmə qərarına etiraz etdiyi bildirilib.
