Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub. Danışıq zamanı Rusiya və Ukrayna arasında sülhün təmin olunması üçün son diplomatik səylər müzakirə olunub.
Rusiya Prezidenti Vladimir Putinin İstanbul platforması çərçivəsində Ukrayna ilə danışıqlara razı olması fonunda bu istiqamətdə prosesin sürətləndiyi müşahidə olunur.
ABŞ vasitəçilik missiyasından belə tez vazkeçəcək?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ukrayna ilə Rusiya arasında aparılan danışıqlarda ABŞ-ın vasitəçiliyi müəyyən qədər suallar doğurur:
“Rusiyada bir sıra dairələr bu vasitəçiliyi qəbul etmir və Putinə təzyiq göstərirdilər ki, ABŞ-ın vasitəçilik təşəbbüsündən imtina etsin. Vladimir Putin isə vəziyyəti nizamlamaq üçün ABŞ və İran arasında aparılan danışıqlarda Rusiyanın vasitəçi olmasını təklif etdi, lakin hər iki tərəf Omanın vasitəçiliyini qəbul etdi. Bu, Rusiyada da bəzi suallar yaratdı. Ona görə də, hazırda ABŞ-ın vasitəçiliyi ilə yekun sülhün əldə olunması ziddiyyətli prosesdir”.
Politoloq bildirib ki, Rusiya-Türkiyə münasibətləri daha yaxın xarakter daşıyır və bundan əvvəl bir sıra mühüm məsələlərdə, o cümlədən Taxıl sazişi, əsirlərin mübadiləsi, Azov döyüşçülərinin təhvil verilməsi və digər məsələlərdə Türkiyə uğurlu vasitəçilik edib:
“İstanbul formatı çox uğurlu idi. Bu səbəbdən Putin Ukrayna üçün də uyğun olan həmin formatı təklif etdi. Türkiyənin, xüsusilə də prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynada nüfuzu kifayət qədər yüksəkdir.
Hazırda Putin danışıqlarda psixoloji üstünlüyü ələ keçirib. Putinin bu təklifindən sonra Zelenski onu birbaşa danışıqlara dəvət etdi və bildirdi ki, Putin danışıqlarda şəxsən iştirak etsin. Amma bu tələbin reallaşacağı ehtimalı azdır. Danışıqlarda Rusiyanı prezidentin köməkçisi Yuri Uşakovun təmsil etməsi gözlənilir. Ukrayna tərəfindən isə xarici işlər nazirinin iştirak edəcəyi ehtimal edilir. Vasitəçi qismində isə Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı nəzərdə tutulur”.
Politoloq vurğulayıb ki, danışıqlarda Türkiyənin rolu olduqca müsbətdir:
“ABŞ danışıqlarda bitərəf mövqe sərgiləyərək iştirak edə bilər. ABŞ Prezidenti Donald Trampın verdiyi açıqlamadan belə başa düşülür ki, o, yekun sülhün əldə olunması istiqamətində İstanbul danışıqlarında iştirak etmək niyyətindədir. Hazırda daha çox rəsmi nümayəndələr səviyyəsində görüşlərin keçirilməsi gözlənilir. Liderlərin iştirakı planlaşdırılmır. İlk növbədə atəşkəsin əldə olunması, ardınca isə ərazi mübadiləsi məsələsi gündəmə gətirilə bilər”.