İtaliya bu gəmidən danışır: Türkiyənin MUGEM-i Aralıq dənizində balansı dəyişir

Türkiyənin ilk milli təyyarədaşıyan gəmisi MUGEM İtaliya mediasının diqqət mərkəzinə düşüb. İtaliyanın “Formiche” nəşri 2027-ci ildə suya endirilməsi planlaşdırılan nəhəng gəminin Aralıq dənizindəki hərbi balansı ciddi şəkildə dəyişdirə biləcəyini yazıb.

Referans Media xəbər verir ki, nəşr Türkiyənin dəniz qüvvələrində həyata keçirdiyi dönüşümü təhlil edərək Ankaranın artıq yalnız sahil müdafiəsi ilə məhdudlaşmadığını, qitələrarası miqyasda hərbi imkanlar formalaşdırdığını vurğulayıb.

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlunun açıqlamasına əsasən, MUGEM-in 27 sentyabr 2027-ci ildə suya endirilməsi planlaşdırılır.
285 metr uzunluğunda və təxminən 60 min ton ağırlığında olması nəzərdə tutulan MUGEM ölçülərinə görə İtaliya Hərbi Dəniz Qüvvələrinin flaqmanı “Trieste”ni geridə qoyacaq. “Trieste”nin uzunluğu 245 metr, çəkisi isə təxminən 38 min tondur. Gəminin maksimal sürətinin 26 düyün, mənzilinin isə 10 min dəniz mili olması planlaşdırılır. MUGEM-in 2 500 nəfərədək şəxsi heyəti daşıya biləcəyi bildirilir.

MUGEM-in ən diqqətçəkən xüsusiyyətlərindən biri onun daşıyacağı hava vasitələridir. Gəmidə Türkiyənin yerli müdafiə sənayesi tərəfindən hazırlanan KIZILELMA pilotsuz döyüş təyyarəsi, HÜRJET-in dəniz versiyası, ANKA-3 və Bayraktar TB3 kimi platformaların yerləşdirilməsi planlaşdırılır. MUGEM-in 52-yə qədər KIZILELMA daşıması nəzərdə tutulur. Bu isə gəmini klassik təyyarədaşıyanlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri kimi qiymətləndirilir.

İtaliya mediasının diqqət çəkdiyi əsas məqam MUGEM-in yalnız hava vasitələri üçün platforma olmayacağıdır. Layihənin pilotsuz suüstü və avtonom sualtı vasitələrin də gəminin özündən istifadəyə verilməsinə imkan yaradacağı bildirilir. Bu konsepsiya MUGEM-i çoxfunksiyalı yeni nəsil dəniz platformasına çevirə bilər. Analizdə Türkiyənin müxtəlif pilotsuz suüstü, kamikadze və avtonom sualtı sistemlərini eyni platformada birləşdirməyi planlaşdırdığı vurğulanıb.

“Formiche” MUGEM-in təkbaşına bir layihə olmadığını, Türkiyənin daha geniş dəniz hərbi strategiyasının bir hissəsi olduğunu qeyd edib.
TF-2000 hava hücumundan müdafiə esminesi, “Ada” sinifli korvetlər, “İstanbul” sinifli freqatlar və “Reis” sinifli sualtı qayıqlar bu ekosistemin əsas elementləri arasında göstərilib. Bununla yanaşı, “Atmaca” gəmiəleyhinə raketi, AKYA ağır torpedosu və “Malaman” ağıllı dəniz minaları kimi yerli silah sistemlərinin də Türkiyənin dəniz döyüş imkanlarını gücləndirdiyi bildirilib.

İtaliya mediası indiyədək Aralıq dənizində təyyarədaşıyan gəmi imkanına malik əsas sahilyanı ölkələrin İtaliya və Fransa olduğunu xatırladıb. MUGEM-in istifadəyə verilməsi ilə Türkiyənin də bu sıraya qoşulmasının bölgədəki hərbi balansı dəyişdirə biləcəyi vurğulanıb. Beləliklə, Türkiyənin MUGEM layihəsi yalnız yeni bir hərbi gəminin inşası kimi deyil, Ankaranın Aralıq dənizi və daha geniş dənizlərdə strateji imkanlarını artırmaq istiqamətində mühüm addım kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki