YPG/SDG özünü ləğv etdi: Ərdoğanın 11 il əvvəlki sözləri yenidən gündəmə gəldi

YPG/SDG lideri Mazlum Abdi Suriyanın paytaxtı Dəməşqdə təşkilatın ləğv edildiyini və Suriya ordusuna inteqrasiya olunduğunu açıqlayıb. Bu açıqlamadan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2015-ci ildə səsləndirdiyi fikirlər yenidən gündəmə gəlib.

Referans Media xəbər verir ki, Ərdoğanın 11 il əvvəl Suriyanın şimalında ayrıca dövlət qurulmasına imkan verməyəcəklərini bildirməsi sosial mediada və Türkiyə mətbuatında yenidən geniş müzakirə olunmağa başlayıb.

Prezident Ərdoğan 2015-ci ildə çıxışlarının birində Suriyanın şimalında Türkiyənin cənub sərhədləri boyunca ayrıca dövlət yaradılmasına qarşı olduqlarını bəyan etmişdi.
Ərdoğan həmin çıxışında belə demişdi: “Bütün dünyaya səslənirəm: Bədəli nə olursa olsun, Suriyanın şimalında, Türkiyənin cənubunda dövlət qurulmasına əsla imkan verməyəcəyik.”

YPG/SDG-nin özünü ləğv etdiyini və Suriya ordusuna inteqrasiya olunduğunu açıqlaması ilə Ərdoğanın illər əvvəlki bu sözləri yenidən diqqət mərkəzinə düşüb.

Ərdoğan təşkilatın ləğvi ilə bağlı paylaşımında Türkiyənin öz prinsiplərindən və milli maraqlarından geri çəkilməyəcəyini vurğulayıb. Prezident bildirib ki, Türkiyəyə güvənən heç bir dost və qardaş yarı yolda buraxılmayacaq. Bu açıqlama YPG/SDG-nin Suriya dövlət strukturlarına inteqrasiyası fonunda Türkiyənin prosesə münasibətinin əsas mesajlarından biri kimi qiymətləndirilib.

YPG/SDG-nin ləğvi beynəlxalq mediada da diqqət çəkən hadisəyə çevrilib. Xarici media orqanları prosesin yalnız silahlı qrupun fəaliyyətinə son qoyulması ilə məhdudlaşmadığını, Suriyada mərkəzi hakimiyyətin güclənməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib. “Əl-Cəzirə” hadisəni Suriya üçün son dərəcə mühüm məqam kimi qiymətləndirib. Nəşrin məlumatına görə, YPG-nin Suriya ordusu ilə birləşmə prosesi tamamlanıb və təşkilatın ayrıca silahlı qüvvə kimi fəaliyyət göstərməsinə son qoyulub. Analitiklər isə bu addımın Suriyanın digər bölgələrində fəaliyyət göstərən silahlı qruplara da təsir göstərə biləcəyini bildiriblər.

Fransanın “France 24” telekanalı YPG/SDG-nin ləğvini Suriya Prezidenti Əhməd Şara üçün “böyük qələbə” kimi təqdim edib. Yayımda Mazlum Abdinin Prezident Sarayında verdiyi açıqlama ilə təşkilatın müstəqil hərbi struktur kimi fəaliyyətinə son qoyduğunu elan etdiyi bildirilib. YPG-nin Suriya ordusuna inteqrasiyası Dəməşqin ölkə ərazisində hərbi və siyasi nəzarəti gücləndirməsi baxımından mühüm addım kimi qiymətləndirilib.

YPG/SDG-nin müstəqil silahlı struktur kimi fəaliyyətini dayandırması Suriyada illərdir davam edən parçalanmış hərbi sistemin yenidən vahid dövlət strukturu altında birləşdirilməsi istiqamətində mühüm hadisə kimi təqdim olunur. Prosesin Suriyanın daxili siyasi balansına, təhlükəsizlik sisteminə və regiondakı qüvvələr nisbətinə necə təsir göstərəcəyi isə qarşıdakı dövrdə daha aydın olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki