Türkiyədə milyonlarla şagird və valideyni maraqlandıran məktəbli formaları ilə bağlı yeni qayda qüvvəyə minib. Milli Təhsil Nazirliyinin iyulun 22-də yayımladığı yeni əsasnamə ilə məktəbli geyimlərində məktəb embleminin istifadəsi yenidən məcburi hala gətirilib.
Referans Media xəbər verir ki, yeni tədris ili sentyabrın 14-də başlayacaq. Qərarı qiymətləndirən Türkiyə Məktəb Geyimləri İstehsalçıları və Satıcıları Federasiyasının (TOKÜSFED) sədr müavini Mustafa Erçin tətbiqin həm məktəblərdə təhlükəsizlik və intizam, həm də valideynlərin büdcəsi baxımından müsbət nəticələr verəcəyini bildirib.
Mustafa Erçin əvvəlki dövrdə sadə, emblemsiz geyimlərə icazə verilməsi zamanı müxtəlif problemlərin yaşandığını qeyd edib. Onun sözlərinə görə, məktəbli formalarında emblemin məcburi olması məktəblərdə nizam-intizamın və vahid görünüşün təmin olunmasına, eyni zamanda təhlükəsizliyin gücləndirilməsinə kömək edəcək. Erçin bildirib ki, məktəblər ən azı 4 ildən bir forma modelini dəyişmək şərtilə öz geyim modellərini seçə biləcəklər.
Yeni qaydanın valideynlərin xərclərinə təsirinə də diqqət çəkən Erçin emblemsiz forma alıb sonradan emblem tikdirməyin daha baha başa gəldiyini bildirib.
Onun sözlərinə görə, formaya sonradan emblem tikdirilməsi valideyn üçün təxminən 200-250 lirə əlavə xərc yaradır. Hazır emblemi tikilmiş geyimlə emblemsiz geyim arasındakı qiymət fərqi isə ən çox 50 lirə təşkil edir. Bu səbəbdən hazır emblemi olan məktəbli geyimlərinin alınmasının valideynlər üçün daha sərfəli seçim olduğu vurğulanıb.
Erçin yeni tədris ili öncəsi məktəbli formalarının istehsalının böyük ölçüdə başa çatdığını bildirib. Onun sözlərinə görə, istehsalın 80-90 faizi artıq tamamlanıb. Sektorun tamamilə yerli istehsala əsaslandığını bildirən Erçin parça, düymə, fermuar, təchizat və digər mərhələlərdə daxili bazardan istifadə edildiyini qeyd edib.
Yeni qaydanın sentyabrın 14-də başlayacaq tədris ilindən etibarən milyonlarla şagirdin geyiminə birbaşa təsir etməsi gözlənilir.
