Putindən Vaşinqtona “soyuq duş - ABŞ “şefi” Kreml sahibini görmədən geri dönür...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya gözlənilməz səfəri dünya mediasının diqqətində olduğu bir vaxtda Kreml Rusiya Prezidenti Vladimir Putinlə amerikalı kəşfiyyat rəhbərinin görüşməyəcəyini açıqlayıb.

Referans Media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov “İnterfaks”a açıqlamasında Putinin qrafikində Retkliff ilə görüşün nəzərdə tutulmadığını bildirib.

Bununla belə, Retkliffin Moskvaya səfərinin özü kifayət qədər diqqətçəkən hadisədir. ABŞ-ın yüksək səviyyəli kəşfiyyat rəhbərinin Rusiyaya səfəri əvvəlcədən ictimaiyyətə açıqlanmayıb.

Retkliffin Moskvaya səfəri Rusiya-Ukrayna müharibəsi, ABŞ-Rusiya münasibətlərində davam edən gərginlik və Vaşinqtonun Moskva ilə bağlı diplomatik təşəbbüslərinin aktivləşdiyi bir dövrə təsadüf edir. Bu baxımdan CIA rəhbərinin Moskva səfəri sıradan kəşfiyyat əlaqəsi kimi qiymətləndirilməklə yanaşı, daha geniş siyasi mesajların da daşıyıcısı ola bilər. Lakin görüşlərin məzmunu açıqlanmadığından bu barədə hələlik yalnız ehtimallar irəli sürmək mümkündür.

Digər tərəfdən, Putinin Retkliffi qəbul etməməsi də ayrıca suallar doğurur.

CIA direktorunun bu gözlənilməz səfərindən sonra Vaşinqton-Moskva xəttində hansı dəyişikliklər baş verə bilər?

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a bildirdi ki, CIA şefinin Moskva səfərinin əsas gündəliyinin Ukrayna məsələsi olduğu sirr deyil: “Bu, ABŞ -Rusiya xəttində əsas problem olaraq qalmaqdadır. Trampın kəşfiyyat şefini Moskvaya göndərməsi Ukrayna ilə bağlı dalana dirənmiş danışıqların yenidən başlanması və yeni mərhələdə konkret nəticələrin əldə edilməsindən qaynaqlana bilər. Retklifinetklifin də Rusiyada danışıqların gündəliyini, Moskvanın razılaşma üçün nələr istədiyini və hansı güzəştlər edə biləcəyini müzakirə etməsi istisna edilməməlidir. Onun Putinlə görüşməsinin iki mümkün səbəbi ola bilər.

Birincisi, Putin onu qəbul etməməklə ABŞ-a razılaşmaya can atmadıqları mesajını verir. Bu danışıqların yeni mərhələsində zəif görünməmək və mövqelərini gücləndirmək məqsədi daşıyır.

İkincisi, ABŞ və Rusiya bu səfərin çox da ictimaiyyətləşməsini, gizli danışıqların aparıldığı haqda fikirlərin yaranmasını istəməyə bilər. Putinlə görüş olsaydı, səfəri gizli saxlamaq imkanları məhdudlaşardı. Fikrimcə, bu səfərdən sonra danışıqların yeni mərhələsi başlaya bilər. Bu mərhələdə ABŞ -ın nəticə əldə etmək üçün hər iki tərəfə müxtəlif yollarla təzyiq edəcəyi də istisna deyil”./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki