İzmir Bələdiyyəsində qalmaqal bitmir: Əməliyyat yeni mərhələyə keçdi Görün kim saxlanıldı

Türkiyənin İzmir Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya istintaqı çərçivəsində daha iki şübhəli saxlanılıb. Saxlanılanlar arasında Yeni Partiyanın Malatya millət vəkili Veli Ağbabanın qardaşı Hür Ağbaba da var.

İstintaq materiallarına görə, Diyarbəkir və Malatyada saxlanılan şübhəlilərin daha əvvəl həbs edilmiş Egeşehir şirkətinin baş direktoru Süleyman Ekinci ilə əlaqəli fəaliyyət göstərdikləri iddia olunur.

Referans Media xəbər verir ki, İzmir Respublika Prokurorluğu 2025-ci il iyulun 1-də İzmir Böyükşəhər Bələdiyyəsinə məxsus İZBETON AŞ şirkətində podratçı firmalar vasitəsilə korrupsiya və qanunsuzluq edildiyi iddiaları ilə bağlı cinayət işi açıb.

Hesablama Məhkəməsinin audit hesabatları, müfəttiş rəyləri və ekspertiza nəticələri əsasında "dövlət satınalmalarına müdaxilə", "müqavilənin icrasına qanunsuz müdaxilə" və "xüsusilə külli miqdarda dələduzluq" maddələri ilə 157 nəfər barəsində saxlanılma qərarı verilib.

Əməliyyat çərçivəsində İzmir Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Tunç Soyer, CHP-nin İzmir vilayət təşkilatının sədri Şenol Aslanoğlu da daxil olmaqla 139 şübhəli saxlanılmışdı.

Məhkəmənin qərarı ilə Tunç Soyer və Şenol Aslanoğlunun da aralarında olduğu 60 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Digər şübhəlilərdən 58 nəfər məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, qalan şəxslər isə istintaqın müxtəlif mərhələlərində azadlığa buraxılıb.

İstintaq çərçivəsində Yeni Partiyanın Malatya millət vəkili Veli Ağbaba barəsində də "təkrar rüşvət alma" ittihamı ilə parlament toxunulmazlığının ləğv olunması məqsədilə təqdimat hazırlanıb.

Ankara Respublika Prokurorluğu bununla bağlı sənədləri Türkiyə Böyük Millət Məclisinə göndərib.

Qeyd edək ki, istintaq davam edir və yeni saxlanılmaların ola biləcəyi istisna edilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki