ABŞ Prezidenti Donald Tramp İranla bağlı davam edən danışıqlar və Hörmüz Boğazındakı vəziyyətlə bağlı sərt açıqlamalar verib. O bildirib ki, boğazın qısa zamanda beynəlxalq ticarət üçün açılacağına ümid edir, əks halda Vaşinqtonun İrana qarşı güc tətbiq edə biləcəyini deyib.
Referans Media xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində İranla aparılan diplomatik təmasların davam etdiyini bildirib. Onun sözlərinə görə, tərəflər arasında razılaşma əldə olunarsa, gərginlik azala bilər, lakin bunun baş verməyəcəyi təqdirdə ABŞ-ın sərt addımlar atmaqdan çəkinməyəcəyini vurğulayıb.
ABŞ lideri Hörmüz Boğazının yenidən beynəlxalq ticarətə açılacağını iddia edib. “Boğaz çox yaxında açılacaq. Əks halda onlar çox ağır zərbə alacaqlar və bundan sonra boğaz yenidən açılacaq”, - deyə Tramp bildirib.
O, ABŞ-ın daha əvvəl İrana qarşı böyük hərbi əməliyyat planlaşdırdığını, lakin Tehran tərəfindən danışıqlar təklifi gəldiyi üçün bu prosesin dayandırıldığını irəli sürüb.
Tramp İranın nüvə silahına sahib olmasına heç bir halda icazə verməyəcəklərini açıqlayıb. O bildirib ki, bu məsələ mümkün razılaşmanın əsas şərtlərindən biri olacaq.
ABŞ Prezidenti Tehran rəhbərliyinin də razılaşma əldə etmək istədiyini iddia edib: “Çox yaxşı danışıqlar aparırıq. Onlar razılaşma istəyirlər. Nə baş verəcəyini görəcəyik. Əgər razılaşma əldə olunmasa, bu, onlar üçün çox pis olacaq”.
Tramp İranın danışıqlardan geri çəkiləcəyi halda ABŞ-ın hərbi variantdan istifadə edə biləcəyini bildirib. “Əgər danışıqlardan çəkilsələr, çox ağır zərbə alacaqlar”, - deyə ABŞ Prezidenti qeyd edib.
Onun sözlərinə görə, diplomatiya əsas seçim olaraq qalır, lakin hərbi imkanlar da hazır vəziyyətdə saxlanılır. Trampın açıqlamaları Hörmüz Boğazında ticarət keçidlərinin bərpası ilə bağlı danışıqların davam etdiyi bir vaxta təsadüf edib.
Məlumata görə, İran və Oman arasında boğazdan kommersiya keçidlərinin yenidən başlaması ilə bağlı müzakirələr aparılır. Tərəflər arasında müəyyən irəliləyiş olsa da, təhlükəsizlik zəmanətləri, keçid şərtləri və İranın tələbləri ilə bağlı fikir ayrılıqları qalmaqdadır.
Hörmüz Boğazı dünya enerji bazarı üçün strateji əhəmiyyət daşıyan əsas nəqliyyat marşrutlarından biri hesab olunur. Bölgədə yaşanan hər hansı gərginlik neft qiymətlərinə və qlobal iqtisadiyyata birbaşa təsir göstərə bilər.
