ABŞ-da istifadədən çıxarılan 100 ədəd M60 döyüş tankı qeyri-adi layihə çərçivəsində Meksika körfəzinin sularına endirilib. Lakin bu addım hərbi məqsəd daşımayıb. Köhnə tanklar illər ərzində dəniz canlıları üçün süni rifə çevrilərək ekosistemə töhfə verməyə başlayıb.
Referans Media xəbər verir ki, layihə ABŞ-ın Alabama ştatı sahillərində yerləşən "Hugh Swingle" və "Don Kelley North" süni rif ərazilərində həyata keçirilib. Dənizin 21-34 metr dərinliyinə yerləşdirilən tankların əsas məqsədi balıq populyasiyasını artırmaq və yeni yaşayış məkanı yaratmaq olub.
Tanklar dənizə buraxılmadan əvvəl xüsusi hazırlıq mərhələsindən keçirilib. Onların içərisindən yanacaq, yağ, hidravlik mayelər, sursat və təbiətə zərər verə biləcək bütün hissələr çıxarılıb.
Layihə çərçivəsində ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA), ABŞ Ordu Mühəndisləri Korpusu və digər qurumlar tərəfindən ekoloji yoxlamalar aparılıb.
Zaman keçdikcə dənizin dibində yerləşən tankların üzəri mərcanlar, süngərlər və müxtəlif dəniz orqanizmləri ilə örtülüb.
Hazırda bu süni strukturlar qırmızı mərcan balıqları, orfozlar və digər dəniz canlıları üçün yeni yaşayış sahəsinə çevrilib. Ərazi həmçinin dalğıcların maraq göstərdiyi məkanlardan biri kimi tanınır.
ABŞ Ordusu 1990-cı illərin əvvəllərində daha müasir M1 Abrams tanklarının istifadəyə verilməsindən sonra çox sayda M60 tankını istismardan çıxarıb.
Hurdaya göndərilmək əvəzinə bu tankların süni rif kimi istifadəsi seçilib. Mütəxəssislər bildirirlər ki, belə layihələr dənizdə biomüxtəlifliyin artmasına və ekoloji tarazlığın qorunmasına kömək edir.
