Azərbaycanda kartdan-karta (P2P) pul köçürmələrinə tətbiq olunan limitlər kiçik və orta biznes sahiblərinin narazılığına səbəb olub. Xüsusilə bazarlarda və pərakəndə satış obyektlərində alıcıların kartla ödənişə üstünlük verməsi tətbiq edilən məhdudiyyətlər fonunda sahibkarları çətin vəziyyətdə qoyur. Mütəxəssislər bildirir ki, bu addım nəzərdə tutulanın əksinə olaraq nağd ödənişlərin artmasına və bank xidmətlərinə mənfi təsir göstərməsinə gətirib çıxara bilər.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli tətbiq edilən limitlərin effektivliyini şübhə altına alaraq, qərarın əks-effekt verdiyini bildirib.
Ekspertin açıqlamasında öne çıxan əsas məqamlar bunlardır:
Nağdsızlaşmaya zərbə vurulur: Məqsəd vergidən yayınmanın qarşısını almaq olsa da, tətbiq edilən məhdudiyyətlər vətəndaşları əksinə — nağd ödənişlərə sövq edir. Nəticədə əhalinin nağd pula olan tələbatı daha da artır.
Biznes kartları üçün sadə mexanizm qurulmalıdır:
Əgər əsas məqsəd vergi nəzarətidirsə, bunun üçün daha sadə yollar mövcuddur. VÖEN sahibi olan sahibkarların biznes kartlarına birbaşa pul köçürülməsinə şərait yaradılmalıdır. Bu halda dövriyyə rəsmi şəkildə görünəcək və vergi tutulması rahatlaşacaq.
Limitlər ləğv edilməli və ya yenilənməlidir: Mövcud limitlərin tətbiqi yanlış addımdır. Kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək üçün bu məhdudiyyətlər ya ləğv olunmalı, ya artırılmalı, ya da yeni və çevik mexanizmlərlə əvəz edilməlidir.
Ekspertin sözlərinə görə, inzibati qadağalar və limitlər nağdsız iqtisadiyyatı inkişaf etdirmək əvəzinə, nağdlaşmanı tətikləyir. Problemdən çıxış yolu kimi VÖEN-ə bağlı biznes kartlarından istifadəni asanlaşdıran sadə sistemin qurulması göstərilir. Bu addım həm kiçik biznesin yükünü azaldacaq, həm də dövlətin vergi daxilolmalarını təmin edəcək.
Sima Babayeva
