Ağstafa rayonunda 34 yaşlı kişi həmkəndlisinə xəsarət yetirməkdə ittiham olunub.
Referans Media-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib. 1992-ci il təvəllüdlü Nəsimi kənddə yerləşən otlaq sahəsində aralarında yaranmış şəxsi münasibətlər
zəminində baş vermiş mübahisə zamanı həmkəndlisi Zülfüqarın (adlar şərtidir – red.) başına və bədəninin müxtəlif nahiyələrinə əvvəlcə yumruqla, daha sonra isə ağac parçası ilə qəsdən zərbələr vurub.
Faktla bağlı Nəsimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Nəsimi bildirib ki, zərərçəkmiş Zülfüqar onun həmkəndlisidir və onu uzun illərdir tanıyır:
“Aramızda əvvəllər hər hansı ədavət və ya düşmənçilik münasibəti olmayıb. Məlum hadisə günü, saat 18 radələrində otlaq sahəsində aramızda yaranmış mübahisə zamanı Zülfüqara ağac parçası ilə qəsdən zərbələr vuraraq ona bədən xəsarəti yetirdim”.
Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirib.
Ağstafa Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilib./Demokrat.az/
