Bakı Apellyasiya Məhkəməsində Respublika Perinatal Mərkəzində baş vermiş və 7 yenidoğulmuş körpənin həyatına son qoyan faciəvi yanğınla bağlı məhkəmə iclası keçirilib.
Referans Media xəbər verir ki, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən iclasda Respublika Perinatal Mərkəzinin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, eləcə də Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə işi baxışa qəbul edib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehriban Abasquliyeva 7 il 3 ay, Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs ediliblər.
Dövlət ittihamçısı məhkəmə istintaqı zamanı hər üç təqsirləndirilənin 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməsini, Mehriban Abasquliyevanın 8 il, Hamlet Mustafayev və Elnur Əhmədlinin isə 7 il müddətinə azadlıqdan məhrum olunmasını istəmişdi.
Qeyd edək ki, Respublika Perinatal Mərkəzində yanğın 2024-cü il yanvarın 9-da baş verib. Hadisədən sonra Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb və ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
İstintaqın qənaətinə görə, yanğın Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi 4-cü mərtəbədəki palatada baş verib. Faciə nəticəsində 7 yenidoğulmuş körpə həlak olub, 4 nəfər xəsarət alıb, müəssisəyə isə 361 min manat məbləğində maddi ziyan dəyib.
İstintaq materiallarında həmçinin qeyd olunub ki, Mehriban Abasquliyevanın direktor təyin olunduqdan sonra müəssisənin tibbi resurs və texniki imkanlarını nəzərə almadan xəstə qəbulunun sayını təxminən 2 dəfə artırması elektrik təsərrüfatının həddindən artıq yüklənməsinə, nəticədə isə yanğının baş verməsinə səbəb olan amillərdən biri kimi qiymətləndirilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdi.
Cinayət işi üzrə "Respublika Perinatal Mərkəzi", bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.
Növbəti məhkəmə iclası avqustun 18-nə təyin olunub.
