Yeni virus təhlükəsi qapıdadır: Azərbaycanda karantin elan ediləcək?

COVID-19 pandemiyası başa çatsa da, virusun müxtəlif ştamları dünyada yayılmaqda davam edir. Eyni zamanda, Azərbaycanda Hantavirus infeksiyasının yayılması ilə bağlı məlumatlar ictimai narahatlıq yaradıb. Virusların yoluxma yolları, mümkün riskləri və profilaktik tədbirlər yenidən diqqət mərkəzinə gəlib.

Referans Media-ya açıqlamasında professor Adil Qeybulla bildirib ki, COVID-19 pandemiyası başa çatsa da, infeksiya epidemik formada yayılmaqda davam edir. Onun sözlərinə görə, Omikron ştamının mutasiyaya uğraması nəticəsində virusun müxtəlif bölgələrdə fərqli ştamları yaranır.

Professor qeyd edib ki, xüsusilə immun sistemi zəif olan şəxslərdə, o cümlədən İİV infeksiyası daşıyıcılarında SARS-CoV-2 virusu uzun müddət orqanizmdə qala, mutasiyaya uğraya və yeni yoluxmalara səbəb ola bilər. Bu səbəbdən COVID-19 müxtəlif klinik əlamətlərlə özünü göstərməkdə davam edir. Onun sözlərinə görə, infeksiyaya Avropada, İranda və Azərbaycanda da rast gəlinir.

Hantavirus infeksiyasına toxunan Adil Qeybulla bildirib ki, Azərbaycanda bu infeksiyanın mövcudluğu ilə bağlı rəsmi məlumat yoxdur, lakin infeksiya dünyanın müxtəlif yerlərində mövcud ola bilər.

Professorun sözlərinə görə, Hantavirusun təbii rezervuarı siçan və digər gəmiricilərdir. Virus ilk dəfə Koreya müharibəsi zamanı Hantan çayı ətrafında qeydə alınıb. İnfeksiya gəmiricilərin ifrazatlarının quruyaraq toz halına düşməsi və həmin tozun nəfəs yolları ilə orqanizmə daxil olması nəticəsində insana keçə bilər. Yoluxmuş şəxsin digər insanları da təmas zamanı yoluxdurması mümkündür.

Adil Qeybulla qeyd edib ki, Hantavirus ağır gedişə malik ola bilər və yüksək hərarət, böyrək çatışmazlığı kimi ciddi fəsadlara səbəb ola bilər. Bəzi hallarda xəstəlik ölümcül nəticələnə bilər.

Professor Azərbaycanda Hantavirusun yayılması ilə bağlı hazırda yalnız şayiələrin olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə bir hal təsdiqlənərsə, infeksiyanın lokallaşdırılması üçün ciddi karantin tədbirləri görülməli, yoluxmuş şəxslər nəzarətə götürülməli və infeksiyanın yayılmasının qarşısı mümkün qədər tez alınmalıdır.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki