Küçələrimizdə ana dili "yoxa çıxır": Bizi nə gözləyir? — BÖYÜK TƏHLÜKƏ

Son illər Azərbaycanda gündəlik ünsiyyətdə rus və ingilis dillərindən istifadənin, eləcə də reklam, mağaza və market adlarında xarici dillərə üstünlük verilməsinin artması diqqət çəkir.

Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, dövlət dilindən düzgün istifadə və onun idarə və qurumlarda, eləcə də reklamlarda tətbiqi qanunvericiliklə tənzimlənir.

Onun sözlərinə görə, reklamların xarici dildə yazılması müəyyən mənada başadüşüləndir, lakin bu sahədə qanunvericilikdə müəyyən boşluqların olması belə reklamların yerləşdirilməsinə şərait yarada bilər.

“Xarici ad seçilsə belə, Azərbaycan dilində qarşılığı və ya müəyyən izahı verilməlidir. Market və mağazalara ad seçilərkən də dildən düzgün istifadə olunmalıdır”, - deyə sosioloq qeyd edib.

Naib Niftəliyev bildirib ki, son dövrlərdə rus dilindən istifadənin azaldığı, ingilis dilinin isə daha geniş yayıldığı müşahidə olunur. Onun fikrincə, market və digər obyektlərin adlarında ingilis dilindən istifadə latın qrafikasına keçidlə bağlı müəyyən ortaq göstəricilərə əsaslanır.

Sosioloq hesab edir ki, bəzi hallarda, xüsusilə turistlərin çox olduğu məkanlarda xarici dildə adlardan istifadə məqsədəuyğun ola bilər. Lakin adi marketlərdə bu cür adların istifadəsinin geniş yayılması o qədər də məqsədəuyğun deyil.

O əlavə edib ki, bütün adların xarici dillərdə yazıldığını söyləmək də doğru deyil. Əksinə, milli adların, milli ideyaların və milli marketinqin tətbiq olunduğu market şəbəkələri də genişlənir.

“Xarici adların artması dilin məhvi və ya nüfuzunun azalması demək deyil. Bu, sosial marketinqin bir formasıdır. Müəyyən hallarda xarici dildən istifadə həmin dildə danışan icmaları cəlb etmək üçün məqsədəuyğun yanaşma ola bilər”, - deyə Naib Niftəliyev bildirib.

Sosioloqun sözlərinə görə, Azərbaycanda hər bir şəxs xarici dillərdən sərbəst istifadə edə bilər. Lakin bütün rəsmi yazışmalar, qeydlər, sənədləşmə və rəsmi mübadilə Azərbaycan dilində aparılır.

Naib Niftəliyev hesab edir ki, xarici təsirlərlə bağlı müəyyən risklər olsa da, dillər qarşılıqlı əlaqə nəticəsində zənginləşir, böyüyür və genişlənir. Yeni sözlər dilə daxil olur, bəzi sözlər arxa plana keçir, digərləri isə yenidən gündəmə qayıdır.

Sosioloq qeyd edib ki, son illərdə Azərbaycan dilinin istifadəsi dəfələrlə artıb. Onun sözlərinə görə, hətta rus və ingilis dillərinə üstünlük verən şəxslər belə Azərbaycan dilinin əhəmiyyətini, dövlət dili kimi vacibliyini və milli təhlükəsizlik baxımından rolunu dərk edirlər.

Naib Niftəliyev Azərbaycan dilinin geniş coğrafiyada başa düşüldüyünü və çoxsaylı danışanlarının olduğunu vurğulayıb. O hesab edir ki, dilin mövcud göstəricilərinə əsasən, yaxın 30-40 il ərzində Azərbaycan dilinin ciddi risk və təhlükə ilə üzləşməsi gözlənilmir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki