Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Ukraynada muzdlu döyüşçü kimi iştirak edən xarici vətəndaşlarla bağlı məlumatlar əldə edildikdə, Rusiya həmin şəxslərin mənsub olduğu ölkələri məlumatlandırmağa çalışır.
Referans Media xəbər verir ki, Miroşnik bu barədə TASS agentliyində keçirdiyi mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, bəzi dövlətlər Rusiyaya rəsmi müraciət edərək, öz vətəndaşlarının Ukraynada xarici muzdlu kimi döyüşməsi barədə məlumat əldə olunacağı təqdirdə xəbərdar edilmələrini istəyiblər.
“Bəzi ölkələr bizə müraciət edərək, onların vətəndaşları arasında xarici muzdlular barədə məlumat əldə ediləcəyi halda bunun onlara bildirilməsini xahiş ediblər”, – deyə Miroşnik bildirib.
O qeyd edib ki, Rusiya müəyyən hallarda xarici muzdlularla bağlı məlumat və sübutlar əldə edir.
“Belə şəxslərdən bəziləri həlak olub, bəziləri hələ də döyüş əməliyyatlarında iştirak edir, digərləri isə Ukrayna silahlı birləşmələrinin tərkibində xarici muzdlu kimi vuruşublar. İlk növbədə muzdlu fəaliyyətinə görə qanunvericilikdə cəza nəzərdə tutulan ölkələri bu barədə məlumatlandırmağa çalışırıq”, – deyə rusiyalı diplomat əlavə edib.
