MDB ölkələri hərbi texnika tədarükünü müzakirə edir

Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurası yanında Hava Hücumundan Müdafiə üzrə Əlaqələndirmə Komitəsinin 63-cü iclasında hərbi texnika tədarükü ilə bağlı məsələlər müzakirə olunur.

Referans MEDİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclas Qırğızıstanın Cholpon-Ata şəhərində keçirilir.

İclasın gündəliyinə MDB-nin vahid hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi, üzv dövlətlər arasında hava hücumundan müdafiə sahəsində çoxtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi və bu istiqamətdə gələcək inkişaf perspektivlərinin müzakirəsi daxildir.

Nazirliyin açıqlamasına görə, tədbirdə həmçinin 2026-cı ildə müqavilə öhdəliklərinə uyğun olaraq hərbi texnikanın tədarükü, eləcə də 2027-ci il üçün vahid hava hücumundan müdafiə sistemi çərçivəsində birgə əməliyyat və döyüş hazırlığı təlimlərinin, həmçinin elmi-tədqiqat işlərinin planlaşdırılması məsələləri nəzərdən keçirilir.

İclasda MDB-yə üzv ölkələrin müdafiə nazirliklərinin nümayəndə heyətləri, MDB İcraiyyə Komitəsinin rəhbərliyi, MDB Müdafiə Nazirləri Şurasının Katibliyi, hava hücumundan müdafiə və hərbi kadr hazırlığı sahəsində fəaliyyət göstərən ixtisaslaşmış qurumlar, eləcə də Birlik ölkələrinin hərbi-sənaye kompleksi nümayəndələri iştirak edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki