Gələn il yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulan gəlir vergisinin dərəcələri artırılır.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, yeni vergi dərəcələri 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək tətbiq olunacaq.
Dəyişikliklərə görə, 2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 125 manat və 2500 manatdan artıq hissənin 10 faizi, aylıq gəlir 8000 manatdan çox olduqda isə 675 manat və 8000 manatdan artıq hissənin 14 faizi gəlir vergisi kimi tutulacaq.
2028-ci il yanvarın 1-dən isə 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 175 manat və 2500 manatdan artıq hissənin 10 faizi, aylıq gəlir 8000 manatdan çox olduqda isə 725 manat və 8000 manatdan artıq hissənin 14 faizi gəlir vergisi kimi tutulacaq.
Qeyd edək ki, hazırda qüvvədə olan vergi qanunvericiliyinə görə, 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat və 2500 manatdan artıq hissənin 10 faizi, aylıq gəlir 8000 manatdan çox olduqda isə 625 manat və 8000 manatdan artıq hissənin 14 faizi gəlir vergisi kimi tutulur. Xatırladaq ki, Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi güzəştlərinin müddəti uzadılmayıb.
Bəs, gəlir vergisinin artırılması vətəndaşların maaşlarına necə təsir edəcək? Bu dəyişiklik işəgötürənlərin, yoxsa işçilərin maliyyə yükünü artıracaq?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı "AzPolitika"ya açıqlamasında bildirib ki, gəlir vergisi dərəcələrinin artırılması işləyən vətəndaşlara təsir edəcək, işləməyən şəxslərə isə aidiyyəti olmayacaq.
Onun sözlərinə görə, xüsusilə qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanların əməkhaqlarından tutulan gəlir vergisinin dərəcəsi 2 faiz bəndi artırılır. Bu dəyişiklik işəgötürənlərə deyil, birbaşa işçilərin maaşlarına təsir göstərəcək.
İqtisadçı qeyd edib ki, əvvəllər hökumət tərəfindən işçilərin əməkhaqlarına tətbiq olunan gəlir vergisi güzəştləri onların maaşlarından vergi tutulmasını əhəmiyyətli dərəcədə azaltmışdı. Lakin həmin güzəştlərin müddəti başa çatdığından vergi dərəcələrinin mərhələli şəkildə artırılması nəzərdə tutulur.
Xalid Kərimlinin sözlərinə görə, bu artım birdən-birə deyil, mərhələlərlə həyata keçiriləcək: "Belə ki, 2027-ci ildən gəlir vergisi 3 faizdən 5 faizə yüksələcək. 2028-ci ildə isə daha 2 faiz bəndi artaraq 7 faizə çatacaq. Nəticədə gəlir vergisi birbaşa işçilərin əməkhaqlarından tutulacağı üçün onların əlinə çatan xalis maaşın məbləği bir qədər azalacaq. Başqa sözlə, dəyişiklik işəgötürənin deyil, işçinin gəlirinə təsir edəcək"./AzPolitika.info/
