Noutbuk və planşet alanlara PİS XƏBƏR: Qiymətlər bahalaşacaq

Azərbaycanda mobil telefonların qeydiyyata alınması və idxalına nəzarətin gücləndirilməsi elektron cihaz bazarında yeni iqtisadi dəyişikliklərlə bağlı müzakirələri aktuallaşdırıb. Bu addımların dövlət büdcəsinə vergi daxilolmalarının artırılması ilə yanaşı, digər elektron məhsullara da şamil edilməsi ehtimalı gündəmə gəlir. Bəs belə bir mexanizm gələcəkdə planşet, noutbuk və digər elektron cihazların da vergiyə cəlb olunmasına səbəb ola bilərmi? Bu dəyişikliklər məhsulların qiymətinə və istehlakçıların xərclərinə necə təsir göstərəcək?

Referans Media-ya açıqlama verən iqtisadçı Günay Hüseynova bildirib ki, Azərbaycanda mobil telefonların və digər elektron cihazların qeydiyyata alınması və idxalına nəzarətin gücləndirilməsi dövlətin fiskal siyasətinin səmərəliliyinin artırılması, vergi bazasının genişləndirilməsi və kölgə iqtisadiyyatının məhdudlaşdırılması məqsədlərinə xidmət edir.

Onun sözlərinə görə, iqtisadi baxımdan bu mexanizmlərin əsas məqsədi ölkəyə idxal olunan elektron məhsulların uçotunu dəqiqləşdirmək, vergidən yayınma hallarının qarşısını almaq və dövlət büdcəsinə daxilolmaları artırmaqdır. Xüsusilə, qeyri-rəsmi idxalın və məhsulların gömrük dəyərinin aşağı göstərilməsi hallarının qarşısının alınması dövlət üçün mühüm fiskal əhəmiyyət daşıyır.

İqtisadçı qeyd edib ki, 2026-cı il yanvarın 1-dən mobil cihazlara 20 manat aksiz vergisinin tətbiqi bu istiqamətdə atılan addımlardan biri dir. Bu, dövlətin mobil telefon bazarını daha geniş fiskal nəzarət mexanizminə daxil etmək niyyətini göstərir.

G.Hüseynovanın fikrincə, gələcəkdə bu mexanizmlərin digər elektron cihazlara da şamil edilməsi mümkündür. Planşetlər, noutbuklar, ağıllı saatlar, oyun konsolları və digər rəqəmsal avadanlıqlar potensial vergitutma obyektlərinə çevrilə bilər. Lakin qeydiyyat sisteminin mövcudluğu həmin məhsulların avtomatik olaraq vergiyə cəlb edilməsi demək deyil. Bunun üçün müvafiq qanunvericilik dəyişiklikləri tələb olunur.

O bildirib ki, belə bir genişlənmə dövlət büdcəsinin gəlirlərini artıra, idxalın şəffaflığını təmin edə və rəsmi fəaliyyət göstərən şirkətlər üçün daha bərabər rəqabət şəraiti yarada bilər. Eyni zamanda, vergi yükünün artması elektron məhsulların maya dəyərinə və son satış qiymətlərinə təsir göstərə bilər.

İqtisadçının sözlərinə görə, əlavə vergi öhdəliklərinin istehlakçıya ötürülməsi elektron cihazların bahalaşmasına, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə və bəzi məhsullara tələbin azalmasına səbəb ola bilər. Xüsusilə, aşağı və orta gəlirli əhali qrupları bu dəyişikliklərin təsirini daha çox hiss edə bilər. Digər tərəfdən, həddindən artıq vergi yükü rəsmi idxalın azalması və qeyri-rəsmi ticarət kanallarının genişlənməsi riskini də yaradır.

“İqtisadi qiymətləndirməmə əsasən, burada əsas məsələ yalnız vergi daxilolmalarını artırmaq deyil, fiskal maraqlarla istehlakçıların iqtisadi maraqları arasında optimal balans yaratmaqdır. Dövlət vergi bazasını genişləndirərkən elektron məhsulların əlçatanlığını, bazarda rəqabəti və idxalçıların fəaliyyət imkanlarını da nəzərə almalıdır.

Yekunda onu qeyd edim ki, mobil telefonların qeydiyyatı və idxalına nəzarətin gücləndirilməsi Azərbaycanın vergi inzibatçılığının rəqəmsallaşdırılması və iqtisadiyyatın leqallaşdırılması istiqamətində mühüm addımdır. Lakin bu siyasətin uzunmüddətli uğuru daha çox vergi toplamaqla deyil, iqtisadi fəallığı və istehlakçı rifahını qorumaqla dayanıqlı vergi bazası formalaşdırmaqdan asılı olacaq”, – deyə iqtisadçı əlavə edib.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki