Malayziya Hava Yollarına məxsus Kuala Lumpur–Cakarta reysini həyata keçirən pilot İndoneziyanın Soekarno-Hatta Beynəlxalq Hava Limanında külli miqdarda narkotik maddə ilə saxlanılıb.
Referans Media xəbər verir ki, 39 yaşlı pilotun baqajı gömrük əməkdaşlarının rentgen yoxlaması zamanı şübhə doğurub. Axtarış zamanı çamadandan 14 bağlamada ümumilikdə 25,2 kiloqram çəkisi olan 70 mindən çox narkotik həb, əl yükündən isə 4 qram metamfetamin aşkar edilib.
Hadisədən sonra aparılan sidik analizinin nəticəsi də müsbət çıxıb. Hüquq-mühafizə orqanları pilotun uçuş zamanı narkotik maddənin təsiri altında ola biləcəyini bildiriblər.
İstintaq zamanı saxlanılan şəxs narkotik vasitələri üçüncü dəfə daşıdığını etiraf edib. Onun sözlərinə görə, Cakartaya çatdıracağı yük qarşılığında 50 min Malayziya rinqiti (təxminən 12 min ABŞ dolları) alacağı vəd edilib.
Araşdırma zamanı daha bir maraqlı detal üzə çıxıb. Pilot qəfil narkotik testindən yayınmaq məqsədilə özü ilə əvvəlcədən götürülmüş təmiz sidik nümunəsi daşıdığını da etiraf edib.
Faktla bağlı cinayət işi açılıb, hadisənin bütün təfərrüatları araşdırılır.
