Hindistanda bir ailədə yeni "iPhone" alınması və ya telefonun ödənişləri ilə bağlı yaranan mübahisə dəhşətli faciə ilə nəticələnib. Maharaştra ştatının Çhatrapati Sambhacinagar şəhərində gənc oğlanın uçurumdan atılaraq həyatını itirməsindən sonra 48 yaşlı atası və anası da eyni yerdən özlərini boşluğa buraxıblar. Hadisə nəticəsində ailənin üç üzvü həyatını itirib.
Referans Media xəbər verir ki, hadisə Çhatrapati Sambhacinagar şəhərinin Tisqaon bölgəsindəki təpəlik ərazidə baş verib. Polis və yerli mediada yayılan məlumatlara görə, faciəyə ailənin maddi vəziyyəti və iPhone məsələsi ilə bağlı yaranan mübahisə səbəb olub.
Məlumatlarda hadisənin səbəbi ilə bağlı iki fərqli versiya yer alıb. “India Today”in xəbərinə görə, Kunal adlı gənc ailəsindən yeni iPhone istəyib, lakin atası maddi imkanlarının buna yol vermədiyini bildirib. “NDTV” isə gəncin telefonu artıq aldığını və hissə-hissə ödənişlərini etmək üçün ailəsindən pul istədiyini yazıb.
Telefonun alınması və ailənin maddi vəziyyəti ilə bağlı mübahisə nəticədə ciddi qarşıdurmaya çevrilib.
Mübahisədən sonra Kunal yaxınlıqdakı təpəyə gedərək uçurumun kənarında dayanıb. Onu fikrindən daşındırmaq üçün ətrafdakı insanlar uzun müddət cəhd göstəriblər.
Şahidlərin gənci uçurumun kənarından uzaqlaşdırmaq üçün saatlarla davam edən inandırma cəhdləri nəticəsiz qalıb. Hadisənin bəzi anlarının ətrafdakılar tərəfindən mobil telefonla lentə alındığı bildirilib.
Lakin bütün cəhdlərə baxmayaraq, gənc uçurumdan atılaraq həyatını itirib.
Faciənin bundan sonrakı mərhələsi isə daha dəhşətli olub. Waluj MIDC Polis Bölməsinin apardığı araşdırmaya əsasən, Kunalın ölümündən sonra 48 yaşlı atası Murlidhar Chandgude və anası Sangita Chandgude də eyni uçurumdan atılaraq həyatlarını itiriblər.
Zalta Phata bölgəsində yaşadıqları bildirilən ailənin üç üzvü hadisə yerində ölüb.
Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir. Faciənin bütün təfərrüatlarının və ailə daxilində baş verənlərin araşdırma nəticəsində müəyyənləşdiriləcəyi bildirilir.
