ABŞ-ın Nevada ştatında Reno şəhəri yaxınlığında başlayan meşə yanğını sürətlə genişlənərək böyük fəlakətə səbəb olub. Alovların məhv etdiyi ərazinin sahəsi təxminən 61 min dönümə çatıb. Yanğın səbəbilə 87 min nəfər üçün təxliyə xəbərdarlığı verilib.
Referans Media xəbər verir ki, təbii fəlakət nəticəsində ən azı 6 nəfərin yaralandığı, çoxsaylı tikililərə ziyan dəydiyi bildirilir. Vəziyyətin ciddiliyi ilə əlaqədar Vaşo dairəsində fövqəladə vəziyyət elan edilib. Yerli mediada yayılan məlumatlara görə, yanğın nəticəsində təxminən 61 min hektar ərazi külə çevrilib. Bölgədə yaşayan 42 min nəfərə dərhal ərazini tərk etmələri barədə xəbərdarlıq edilib.
Daha 45 min nəfərə isə vəziyyətin pisləşə biləcəyi nəzərə alınaraq təxliyəyə hazır olmaları tapşırılıb. Beləliklə, ümumilikdə 87 min nəfər üçün təxliyə xəbərdarlığı verilib. Evlərini tərk etmək məcburiyyətində qalan sakinlərin yerləşdirilməsi üçün Reno şəhərindəki Reno-Sparks Konqres Mərkəzi sığınacaq kimi ayrılıb. Şəhərdəki bəzi hotellərin də fəlakət qurbanlarına güzəştlər etdiyi bildirilib. Yanğın nəticəsində 3-ü mülki şəxs, 3-ü isə yardım əməkdaşı olmaqla ən azı 6 nəfər yaralanıb. Bir sıra tikililərə də maddi ziyan dəyib.
Vaşo dairəsinin şerifi Darin Balaam yanğının son dərəcə sürətlə yayıldığını bildirib. Onun sözlərinə görə, küləyin istiqamətini tez-tez dəyişməsi yanğının söndürülməsi işlərini çətinləşdirir. Təxminən 800 əməkdaşın iştirak etdiyi xilasetmə və yanğınsöndürmə əməliyyatlarının davam etdiyini bildirən Balaam bölgə sakinlərinə müraciət edib. “Əgər imkanınız varsa, xahiş edirəm, ərazini dərhal tərk edin”, – deyə şerif xəbərdarlıq edib.
Yanğın şənbə günü Reno yaxınlığındakı Humboldt-Toiyabe Milli Meşəsində, Peavine dağı ətrafında başlayıb. Güclü küləyin təsiri ilə alov qısa müddətdə yaşayış məntəqələrinə doğru yayılıb. Nevada qubernatoru Co Lombardo vəziyyətin ciddiliyini nəzərə alaraq Vaşo dairəsində fövqəladə vəziyyət elan edib. Yanğınla mübarizəyə dəstək məqsədilə Milli Qvardiyanın bölmələri də əraziyə cəlb olunub. Fəlakət nəticəsində Washoe dairəsində təxminən 10 min ev və iş yerinin elektrik enerjisiz qaldığı açıqlanıb.
Yanğının qarşısının alınması və alovların yaşayış məntəqələrinə daha da yaxınlaşmasının qarşısını almaq üçün işlər davam etdirilir.
