Mənzilini müqaviləsiz kirayə verənlərin DİQQƏTİNƏ

Son illərdə kirayə bazarında canlanma müşahidə olunur. Evlərin qiymətinin yüksəlməsi fonunda bir çox insan kirayə mənzillərdə yaşayır.

Lakin evi istənilən adama kirayə verməklə iş bitmir. Müvafiq kirayə müqaviləsinin bağlanması da vacib şərtdir. Təəssüflər olsun ki, əksər ev sahibləri bu müqaviləni gözardı edirlər.

Bəs kirayə müqaviləsinin bağlanmaması hansı risklər yaradır?

Referans Media xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov kirayə müqaviləsinin həm hüquqi, həm də sosial baxımdan vacib olduğunu bildirib:

“Kirayə müqaviləsi tərəfləri müəyyən risklərdən qoruyur. Məsələn, müqavilə qüvvədə olduğu müddətdə kirayə haqqı qaldırıla bilməz. Mənzil sahibi istədiyi vaxt kirayəşini evdən çıxara bilməz. Ancaq müqavilədə qeyd edilən hallarda bunu edə bilər.

Müqavilə olan təqdirdə istismar müddətində mənzilə dəyən ziyan kirayəşin tərəfindən ödənilir. Müqavilə olmayanda kirayəşin bundan imtina edə bilər. Belə vəziyyətdə mənzil sahibinin əlində hansısa hüquqi əsas olmur.

Uzunmüddətli istismar zamanı mənzilin təmiri köhnələ bilər.

Müqavilə olanda tərəflər artıq bilir ki, evi kim təmir etdirməlidir. Müqavilə olarsa, kirayəşin müvəqqəti həmin evə pasport qeydiyyatına da düşə bilər. Yəni müqavilənin üstünlükləri çoxdur. Lakin vergidən yayınmaq üçün çox zaman müqavilə bağlanmır. Müqavilə olmayanda isə bir qayda olaraq ev sahibi diqtə edən tərəf olur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki