Son günlər sosial şəbəkələrdə müğənni Əli Pormehrin qızı ilə birgə qatıldığı “Elgizlə İzlə” verilişindəki çıxışı yenidən gündəmə gəlib. Verilişdə ifaçının qızının Bakıda fars dilində təhsil aldığını deməsi cəmiyyətdə müzakirələrə səbəb olub. İstifadəçilər 40 milyondan çox azərbaycanlının yaşadığı İranda bir dənə də Azərbaycan dilində məktəb olmadığını xatırladaraq, Bakıda fars dili məktəbinin fəaliyyət göstərməsini ədalətsizlik kimi qiymətləndirirlər.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz məsələyə bir az fərqli prizmadan yanaşır.
Onun fikrincə, “İranın Azərbaycanın milli maraqlarına zidd hərəkətinə görə biz də onun səhvini eynilə təkrarlamalıyıq” düşüncəsi yanlışdır:
“Açığı, Cənubi Azərbaycandan olan Əli Pormehrin qızının hansı məktəbdə oxuduğunu bilmirəm. Mənim bildiyimə görə, hələ sovet hakimiyyəti illərində Bakıda Nərimanov rayonunda bir fars dilli təmayüllü məktəb var idi. İnternat tipli məktəb idi. Səhv etmirəmsə, orada bütün dərslər farsca tədris olunmurdu. Sadəcə, xarici dil kimi farsca da öyrədilirdi və bu dərs saatları digər məktəblərin xarici dil dərsləri ilə müqayisədə daha çox idi. Məqsəd təbii ki, o dövrün tələblərinə uyğun olaraq şərqşünaslar, diplomatlar yetişdirmək olub. Daha doğrusu, həmin məktəb bu cür kadrların yetişdirilməsində alt baza rolunu oynayırdı. Düzdür, sözügedən fars dilli təmayüllü məktəbdə həm də İranda fəaliyyət göstərə biləcək agent də yetişdirirdilər. Əli Pormehrin qızı haqqında danışdığımız təmayüllü məktəbdə təhsil alırsa, məncə, ondan ehtiyatlanmağa dəyməz. Böyük ehtimalla, o, milli vətənpərvərlik ruhda böyüyüb”.
Heydər Oğuzun fikrincə, Bakıdakı fars dilli təmayüllü internat məktəbi bizim düşündüyümüz kimi farsbaş insan yetişdirmirdi:
“Hətta deyərdim ki, bu məktəbdə təhsil səviyyəsi çox yüksək idi. Bizim bəzi hakimiyyət nümayəndələrimiz həmin internatın müdavimləri olublar. Məsələn, indiki Ali Məhkəmənin sədri İnam Kərimov Fransada ali təhsil almamışdan əvvəl Nərimanovdakı fars dilli təmayüllü məktəbi bitirib. Lakin buna görə biz ona İranmeyilli adam kimi baxa bilmərik. Bəlkə də İnam Kərimov İrana ən çox qarşı olan kadrlardan biridir. Fikrimcə, Azərbaycanda yaxşı mütəxəssis yetişdirmək üçün hər dildə bu cür xüsusi məktəblər fəaliyyət göstərməlidir, xüsusilə də bizimlə həmsərhəd olan ölkələrin dilində”.
Müsahibimiz deyib ki, lakin bu cür məktəblər rus dilli tədris müəssisələri kimi astronomik sayda olmamalıdır:
“Problem hansısa xarici dili daha dərindən öyrədən təmayüllü məktəblərdə deyil. Əsl problem rus dilli məktəblərdədir. Rəsmi məlumata görə, 2025-ci tədris ili üzrə Azərbaycanda 100 min şagird rus dilində təhsil alır.
Rus bölmələrində təhsil alan şagirdlər ümumi şagird sayının 6.18 faizini təşkil edir. Ölkəmizdə yaşayan etnik rusların ümumi sayının təxminən 71 min nəfər olduğunu və bunların böyük qisminin məktəbli yaşını çoxdan keçdiyini nəzərə alsaq, belə çıxır ki, rus dilli məktəblərin şagirdlərinin böyük qismi azərbaycanlılardır. Üstəlik, sayı 340-dan çox olan bu təhsil müəssisələrində təhsil alan şagirdlər təkcə rus dilini öyrənmirlər. Onlar həm də rusbaş azərbaycanlı kimi yetişdirilirlər. Bu isə öz əlimizlə ölkəmizdə Rusiyanın 5-ci kolonunu yaratmaq anlamına gəlir. Azərbaycan hakimiyyəti ilk növbədə bu təhlükəni aradan qaldırmalıdır. Təbii ki, fars dilli məktəblərin də sayı yağışdan sonra göbələk kimi artıbsa, bunu da nəzərdən qaçırmaq olmaz. Heç bir dövlət öz maliyyə imkanları ilə ölkəsində hansısa dövlətin yumşaq gücünü yaratmaz və yaratmamalıdır. Amma dediyim kimi, xarici təsirlərə qarşı mübarizə apararkən, qonşu dövlətlərlə daha rahat işləmək üçün bəzi milli kadrları yetişdirmək məsələsini də yaddan çıxarmaq olmaz”.