Mənzildə təmir aparanlar diqqətli olsun: Qaydaları pozanları cərimə və məhkəmə gözləyə bilər

Yaşayış binalarında aparılan səs-küylü təmir işləri qonşular arasında ən çox narazılıq yaradan məsələlərdən biridir. Qanun gecə saatlarında yüksək səslə təmir işlərini qadağan etsə də, bir çox yaşayış kompleksində bununla yanaşı əlavə daxili qaydalar da tətbiq olunur. Bəs bu məhdudiyyətlər hansı hüquqi əsaslara söykənir, qaydaları pozan şəxsləri hansı məsuliyyət gözləyir və sakinlər hüquqlarını necə qoruya bilərlər?

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən hüquqşünas Rəhim Xoyski bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən yaşayış binalarında səs-küy və təmir işləri həm ümumi dövlət qanunları, həm də mənzil mülkiyyətçilərinin daxili razılaşmaları ilə tənzimlənir.

Onun sözlərinə görə, gecə saatlarında – 00:00-dan 07:00-dək səs-küy salmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır. Yaşayış komplekslərinin tətbiq etdiyi daha sərt daxili qaydalar, məsələn, həftəsonları təmir işlərinin qadağan edilməsi isə mülkiyyətçilərin birgə idarəetmə qərarlarına və müqavilə öhdəliklərinə əsaslanır.

Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində gecə vaxtı saat 00:00-dan 07:00-dək səs-küy salmaq, ucadan mahnı oxumaq, musiqi alətlərini yüksək səslə çalmaq və ya məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmaq qadağandır. Həmin maddəyə əsasən, bu qaydanı pozan fiziki şəxslər 150 manatdan 200 manatadək cərimə olunur.

Rəhim Xoyski bildirib ki, sakinlər səs-küy və ya qayda pozuntusu ilə qarşılaşdıqda, xüsusilə gecə saatlarında yüksək səs müşahidə olunarsa, dərhal polisə müraciət etməlidirlər. Polis əməkdaşları hadisə yerində akt tərtib edərək inzibati cərimə tətbiq edə bilərlər.

Ekspertin sözlərinə görə, gündüz saatlarında yaşayış kompleksinin daxili qaydalarının, məsələn, həftəsonu təmir qadağasının pozulması hallarında isə binanın komendantına və ya idarəçisinə müraciət edilməlidir.

Hüquqşünas əlavə edib ki, səs-küy mütəmadi xarakter daşıyarsa və sakinin sağlamlığına və ya istirahət hüququna ciddi zərər vurarsa, zərərçəkən şəxs mülki qaydada məhkəməyə müraciət edərək həmin hərəkətlərin dayandırılmasını və mənəvi zərərin ödənilməsini tələb edə bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki