Elm dünyasında böyük maraq doğuran yeni araşdırma Antarktida ilə bağlı mühüm faktları üzə çıxarıb. Alimlər qitədə yerləşən məşhur Qan Şəlaləsi yaxınlığında mikroskopik canlılardan ibarət ekosistemin izlərini aşkar ediblər.
Referans Media xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetinin San Dieqo şəhərində yerləşən Skripps Okeanoqrafiya İnstitutunun tədqiqatçıları Taylor buzlaqından axan və dəmir tərkibli duzlu su səbəbindən qırmızı rəngdə görünən Qan Şəlaləsi ərazisində geniş araşdırma aparıblar.
Tədqiqat çərçivəsində buzlağın son hissəsindən və şəlalənin töküldüyü vadidə yerləşən müxtəlif ərazilərdən ümumilikdə 167 nümunə toplanıb.
Alimlər nümunələri RNT analizi vasitəsilə araşdıraraq orqanizmlərin növlərini və onların aktiv olub-olmadığını müəyyən etməyə çalışıblar. Nəticədə buzlaq yaxınlığında dəniz mənşəli mikroskopik eukariot canlılardan ibarət aktiv bir topluluğun molekulyar izləri aşkar edilib.
Araşdırmaçılar hesab edirlər ki, bu kəşf qədim dövrlərdə dəniz suyunun vadinin içərilərinə qədər daxil olduğunu və sonradan buzlaqların altında qaldığını göstərə bilər.
Alimlərin fikrincə, Qan Şəlaləsi ərazisi Antarktidanın milyonlarla il əvvəlki iqlimi və ekoloji vəziyyəti barədə mühüm məlumatlar verə biləcək unikal bir bölgədir.
Araşdırma zamanı bəzi nümunələrdə fotosintez, hüceyrə bərpası, stresə qarşı müqavimət və yüksək duzluluq şəraitində yaşama ilə əlaqəli gen fəaliyyətləri də müəyyən edilib.
Bu fakt alimlər üçün xüsusi əhəmiyyət daşıyır. Çünki belə ekstremal şəraitdə həyatın necə davam edə bildiyini anlamaq, həm Yer üzündəki həyatın sərhədlərini öyrənməyə, həm də digər planetlərdə həyat ehtimalını araşdırmağa kömək edə bilər.
Araşdırmanın nəticələri nüfuzlu “Nature Geoscience” elmi jurnalında dərc olunub. Tədqiqatçılar bildirirlər ki, Qan Şəlaləsi Antarktidanın gizli keçmişinə dair hələ açılmamış çoxsaylı sirləri özündə saxlaya bilər.
