Sentyabrın 11-də Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Kikboksinq Federasiyasının birgə təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində yeniyetmələr arasında Vətən Müharibəsinin 6-cı ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib.
Referans Media xəbər verir ki, paradla başlayan tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyası, məşqçiləri və idmançıları arenaya dəvət olunublar.
Azərbaycan Kikboksinq Federasiyasının Hakimlər Kollegiyasının sədr müavini Aydın Ağabəyov tədbir rəhbərliyinə məruzə etdikdən sonra Dövlət Himni səsləndirilib.
Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının Fəxri Prezidenti Adil Əliyev yarış iştirakçılarını və qonaqları salamlayaraq Vətən Müharibəsində qazanılan tarixi Zəfərin və şəhidlərimizin xatirəsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı mühüm rolunu vurğulayıb. RİH başçısı turnirin idmançılara öz bacarıqlarını nümayiş etdirmək üçün böyük imkan yaratdığını bildirərək gənclərə uğurlar və yeni nailiyyətlər arzulayıb.
Daha sonra çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev turnirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirərək gənc idmançıların vətənpərvər ruhda yetişməsində və ölkəmizin idman şərəfinin uca tutulmasında belə yarışların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, bütün iştirakçılara əzmkarlıq və növbəti turnirlərdə yeni-yeni qələbələr arzulayıb.
Tədbir çərçivəsində şəhid ailələrinə ehtiram əlaməti olaraq yarışdan xatirə plagetləri və hədiyyələr təqdim olunub.





