Əfqanıstan rəhbərliyi bildirib ki, Pakistanla silahlı toqquşma heç vaxt onların ilk seçimi olmayıb.
Referans Media xəbər verir ki, Tolo News kanalının məlumatına görə, Əfqanıstan rəhbərliyinin sözçü müavini Hamdullah Fıtrat mətbuat konfransında Pakistanla davam edən gərginlik barədə danışıb. Onun sözlərinə görə, Pakistanın hücumları nəticəsində 110 nəfər ölüb, 123 nəfər yaralanıb. Paktiya, Paktika, Xost, Kabil, Nangarhar, Kunar və Qəndəhar vilayətlərində 350 ev dağılıb, 8 400 ailə isə köçkün düşüb.
Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Khawarazmi Pakistan tərəfində təxminən 150 hərbçinin öldürüldüyünü, 35 təhlükəsizlik məntəqəsinin vurulduğunu bildirib. O, həmçinin 28 əfqan əsgərinin həlak olduğunu, 42-nin yaralandığını açıqlayıb.
Xatırladaq ki, Pakistan 22 fevralda sərhəd bölgəsində “terror düşərgəsi” adlandırdığı 7 nöqtəyə zərbələr endirdiyini bəyan edib. İslamabad Əfqanıstan hakimiyyətindən TTP-yə qarşı tədbir görməyi tələb edir. Kabul isə TTP-nin ölkə ərazisində fəaliyyət göstərmədiyini bildirir.























