Azərbaycan itkin düşmüş şəxslər məsələsində dünyaya açıqdır və bu sahədə Ermənistanla əməkdaşlığa hazır olduğunu təsdiqləyir. Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Şərafət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllinə müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan vətəndaşlarına itkin düşmüş şəxslər haqqında, o cümlədən onların dəfn yerləri haqqında məlumatları məxfi şəkildə təqdim etməyə imkan verən bir sistem yaratmaq təklif olunur: “Təqdim olunan məlumatlar yalnız humanitar məqsədlər üçün istifadə olunacaq və onu təqdim edən şəxs heç bir halda məsuliyyət daşımayacaq. Məqsəd itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə kömək etməkdir”.
Bu sistemin qurulması təklifini İrəvan dəstəkləyə bilərmi? Azərbaycan və Ermənistan vətəndaşlarının itkin düşmüş şəxslər haqqında məlumatları məxfi şəkildə təqdim etməsi nə dərəcədə mümkündür?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Azərbaycanın irəli sürdüyü təşəbbüs növbəti dəfə rəsmi Bakının humanitar məsələlərə səmimi və beynəlxalq hüquqa uyğun yanaşmasının göstəricisidir: "Bu gün top Ermənistanın meydanındadır. Azərbaycan öz humanitar iradəsini ortaya qoyub və çox mühüm təklif irəli sürüb. Əgər Ermənistan doğrudan da bölgədə sülhün, etimadın və humanitar problemlərin həllinin tərəfdarıdırsa, bu təşəbbüsə müsbət cavab verməlidir. Burada söhbət siyasətdən yox, illərdir ki, yaxınlarının taleyini gözləyən insanların hüquqlarından gedir. Hesab edirəm ki, İrəvan bu təklifdən imtina edərsə, beynəlxalq ictimaiyyət qarşısında humanitar məsələlərdə onsuzda olan qeyri ciddi səmimiyyətini bir daha sual altına salmış olacaq. Bu, Ermənistan üçün həm də real niyyətini nümayiş etdirmək imkanıdır".
Hüquqşünas Azərbaycan və Ermənistan vətəndaşlarının itkin düşmüş şəxslər haqqında məlumatları məxfi şəkildə təqdim etməsini tamamilə mümkün sayır: “Beynəlxalq praktikada oxşar mexanizmlərdən istifadə olunub. Əsas məsələ məlumat verən şəxslərin təhlükəsizliyinə və hüquqlarına təminatın verilməsidir. Azərbaycanın təklif etdiyi mexanizm də məhz buna əsaslanır. İnsanlar əllərində olan məlumatları heç bir təzyiq və ya məsuliyyət qorxusu olmadan təqdim edə bilərlər. Bu, yeni dəfn yerlərinin müəyyənləşdirilməsinə, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına və minlərlə ailənin uzun illərdir davam edən gözləntisinə son qoyulmasına kömək edə bilər. Hesab edirəm ki, belə humanitar təşəbbüslər siyasi mübahisələrin fövqündə dayanmalıdır. İnsan taleyi hər şeydən üstündür və bu istiqamətdə atılan hər bir addım dəstəklənməlidir"./musavat.com
