Qətər ABŞ Prezidenti Donald Trampın İranla bağlı görüş iddialarından sonra yeni açıqlama verib.
Referans Media xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ və İran arasında yüksək səviyyəli bir görüşün keçirilməsi hazırda planlaşdırılmayıb. Onun sözlərinə görə, ABŞ nümayəndə heyəti Dohada Qətərli vasitəçilərlə danışıqlar aparır, lakin İran tərəfi ilə birbaşa görüş nəzərdə tutulmayıb.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl sosial şəbəkədə etdiyi paylaşımda İranın görüş istədiyini və görüşün Dohada keçiriləcəyini iddia etmişdi. Lakin bu açıqlamanın ardınca Qətər tərəfi məlumatı təkzib edib.
Məlumata görə, ABŞ nümayəndə heyətinin tərkibində Cared Kuşner və Stiv Vitkoff Dohada Qətərli vasitəçilərlə müzakirələr aparır.
Bildirilib ki, hazırda ABŞ və İran arasında birbaşa görüş planı yoxdur.
Eyni zamanda, İranla bağlı 6 milyard dollarlıq dondurulmuş vəsaitin hələ də köçürülmədiyi, bu vəsaitin yalnız humanitar məqsədlər üçün istifadə edilə biləcəyi qeyd olunub.
Qətər həmçinin Hörmüz boğazında təhlükəsiz keçid və regional gərginliyin azaldılması üçün Omanla koordinasiyalı şəkildə fəaliyyət göstərdiyini açıqlayıb.
