"Qalatasaray"ın mövsümün əvvəlində “Lokomotiv Moskva”dan transfer etdiyi 21 yaşlı rusiyalı yarımmüdafiəçi Aleksey Batrakov Türkiyəyə uyğunlaşma prosesi və yeni komandadakı həyatı ilə bağlı açıqlamalar verib.
Referans Media xəbər verir ki, Rusiya millisinin düşərgəsində danışan gənc futbolçu Türkiyəyə gəldikdən sonra yaşadığı dəyişikliklərdən, öyrəndiyi türk sözlərindən, İstanbulda keçirdiyi ilk günlərdən və Çempionlar Liqası ilə bağlı hədəflərindən söz açıb.
Batrakov Türkiyəyə uyğunlaşma prosesindən danışarkən ən sadə türk sözlərini öyrəndiyini bildirib. “Merhaba”, “tamam” və “günaydın” sözlərini bildiyini deyən futbolçu hazırda əsas diqqətini ingilis dilini öyrənməyə yönəltdiyini qeyd edib. Batrakov bildirib ki, 15 il ərzində eyni klubda və eyni sistemdə çıxış etdikdən sonra birdən-birə ölkə, şəhər və komanda dəyişmək asan olmayıb.
Rusiyalı futbolçu Türkiyəyə gəldikdən sonra yerli mətbəxlə də tanış olduğunu söyləyib. O, İstanbulda keçirdiyi ilk həftə ərzində üç dəfə restorana getdiyini və hər dəfə kabab yediyini bildirib. Batrakov hazırda Türkiyədə həyatının daha qaydaya düşdüyünü deyib. Onun sözlərinə görə, evlərini yerləşdiriblər, həyat yoldaşı yemək bişirir, ailəsi isə onları ziyarət edib. Futbolçunun sözlərinə görə, klubun bazasında da futbolçular üçün yemək verilir.
Batrakov təxminən bir aydır Rusiyada olmadığını və bu müddət ərzində ölkəsini və doğma şəhərini darıxdığını etiraf edib. “Mən bir aydır Rusiyada deyildim. Moskvanı, evimi, dostlarımı, komandamı və atmosferi darıxmışam. Buna görə də milli komandaya qoşulduğum üçün xoşbəxtəm”, – deyə futbolçu bildirib.
Gənc yarımmüdafiəçi Çempionlar Liqasında şəxsi hədəfindən də danışıb. Batrakov komanda olaraq hər oyunda qələbə qazanmağı qarşılarına məqsəd qoyduqlarını, şəxsi hədəfinin isə turnirdə qol vurmaq olduğunu söyləyib.
