İtkin düşən Ayşegül Yaşarın cəsədi meşədə tapıldı – Şübhəli hər şeyi etiraf etdi

Türkiyənin Osmaniyə vilayətinin Düziçi rayonunda avqustun 26-da gəzintiyə çıxdıqdan sonra itkin düşən 54 yaşlı Ayşegül Yaşarın öldürülməsi ilə bağlı istintaq davam edir.

Referans Media xəbər verir ki, hadisə ilə bağlı saxlanılan T.K. və onun valideynləri – A.K. və H.K. məhkəməyə sövq ediliblər.

İstintaq materiallarına əsasən, T.K. avtomobildə Ayşegül Yaşarla mübahisə etdiyini və onu boğaraq öldürdüyünü etiraf edib. Şübhəlinin sözlərinə görə, daha sonra qadının cəsədini təxminən 80 kilometr məsafədə yerləşən Kahramanmaraş vilayətinin Andırın rayonundakı Geben ərazisində meşədə basdırıb.

Ayşegül Yaşarın ailəsi avqustun 26-da evdən gəzintiyə çıxdıqdan sonra ondan xəbər ala bilmədikləri üçün polisə müraciət edib.

Düziçi Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Osmaniyə və Kahramanmaraş polis əməkdaşları genişmiqyaslı axtarışlara başlayıblar. Araşdırma zamanı T.K.-nın hadisə ilə əlaqəsinin olduğu müəyyənləşdirilib və o, saxlanılıb.

Şübhəlinin verdiyi məlumata əsasən, polis əməkdaşları onun göstərdiyi ərazidə axtarış aparıblar. Ayşegül Yaşarın cəsədi üzəri budaqlarla örtülmüş vəziyyətdə torpağa basdırılmış halda aşkarlanıb. Mərhumun əllərinin bağlı olduğu müəyyən edilib.

Cəsəd ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib və dəfn olunub.

T.K. ifadəsində Ayşegül Yaşara məxsus qızıl və digər zinət əşyalarını götürdüyünü və onları evində saxladığını da bildirib.

İstintaq çərçivəsində T.K. ilə yanaşı, onun anası A.K. və atası H.K. də saxlanılıb. Polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra üç nəfər məhkəməyə sövq edilib.


Osmaniyə Vəkillər Kollegiyasına üzv hüquqşünaslar Düziçi Ədliyyəsi qarşısında açıqlama verərək hadisəni ilk gündən izlədiklərini bildiriblər.

Vəkillər qadınlara qarşı törədilən qətllərin ayrı-ayrı hadisələr kimi qiymətləndirilməməli olduğunu vurğulayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki