Ramazan ümrəsi üçün Səudiyyə Ərəbistanına gedən dörd nəfərlik Ünlücə ailəsi Kəbədə baş verən mübahisədən sonra 8 aydır ölkədən çıxa bilmir.
Referans Media xəbər verir ki, fevralın 17-də Məkkəyə gedən 61 yaşlı Havva Ünlücə və övladları – 34 yaşlı Sərdar Ünlücə, 39 yaşlı Səmra Karakaya və 25 yaşlı Hədiyə Ünlücə Sırakaya hadisədən sonra hüquqi proseslə üzləşiblər. Ailə üzvlərinin sözlərinə görə, hadisə yanlış anlaşılma nəticəsində baş verib. Hazırda onlar Səudiyyə Ərəbistanının apellyasiya məhkəməsinin qərarını gözləyirlər.
Ailənin verdiyi məlumata görə, hadisə ümrənin 24-cü günündə səhər namazı zamanı baş verib. Ailə üzvləri Kəbədə namaz qıldıqları vaxt polis əməkdaşlarından birinin səccadələrinin üzərinə basdığını və buna etiraz etdiklərini bildiriblər. Şifahi mübahisənin daha sonra qarşıdurmaya çevrildiyi və ailənin polis bölməsinə aparıldığı qeyd olunur. Polis əməkdaşının ona qarşı zorakılıq törədildiyini iddia etməsindən sonra ailə üzvləri barəsində araşdırma başladılıb.
Hadisədən sonra Havva Ünlücə və qızları 4 gün, Sərdar Ünlücə isə 48 gün həbsdə saxlanılıb. Daha sonra məhkəməyə qədər sərbəst buraxılan ailə üzvlərinə məhkəmə prosesi başa çatana qədər Səudiyyə Ərəbistanını tərk etmək qadağan edilib. Ailə üzvləri beş dəfə hakim qarşısına çıxıb. Nəticədə Sərdar Ünlücə 5 ay, anası Havva Ünlücə və bacıları Səmra Karakaya ilə Hədiyə Ünlücə Sırakaya isə 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Ailə qərardan apellyasiya şikayəti verib.
Əmlak məsləhətçisi işləyən Sərdar Ünlücə hadisənin onlara görə fərqli şəkildə təqdim edildiyini bildirib. O, polis əməkdaşına zərbə vurmadığını, yalnız anasını qorumaq məqsədilə müdaxilə etdiyini deyib: “Polisə vurmaq söhbəti olmayıb. Sadəcə anamın zərər görəcəyini düşündüyüm üçün onu qorumaq instinkti ilə sağ əlimlə tutdum. Hadisə bundan ibarətdir. Sadə bir mübahisənin necə bu həddə çatdığını biz də anlamadıq”.
Ünlücə həmçinin onları polis bölməsinə aparan əməkdaşın daha sonra yanına gələrək üzr istədiyini və ondan halallıq aldığını iddia edib.
Ailə üzvləri proses boyunca Türkiyənin Ciddə Başkonsulluğunun onlarla əlaqə saxladığını bildiriblər. Səkkiz aydır Səudiyyə Ərəbistanında qalan ailə apellyasiya məhkəməsinin qərarını gözləyir və Türkiyəyə qayıtmaq istəyir. Sərdar Ünlücə bu müddətin ailəsi üçün olduqca ağır keçdiyini bildirib.
Ünlücə Türkiyədə onu gözləyən üç övladının olduğunu və ailəsindən ayrı qalmağın çətin olduğunu deyib. “Mənim üç övladım, bacımın da üç övladı var. Anamın 61 yaşı var, təzyiq və şəkər xəstəliyindən əziyyət çəkir. Bacımın evlənməsindən cəmi iki il keçib və evliliyinin 8 ayı burada gözləməklə keçib. Hamımızın mağduriyyəti var. Qızım hər axşam ‘Ata, nə vaxt gələcəksən, nə vaxt səni qucaqlayacağam?’ deyə soruşur”, – deyə o bildirib.
Ünlücə ailəsinin bu hadisəni bir imtahan kimi qəbul etdiyini, lakin prosesin uzanmasının onları daha da çətin vəziyyətə saldığını deyib. “Biz bura Ramazan ümrəsi və ibadət üçün gəlmişdik. Sadə bir hadisəyə görə aylardır ölkəmizə və ailələrimizə qayıda bilmirik. Xüsusilə anam çox üzülür”, – deyə Ünlücə əlavə edib.
